Azərbaycanla Ermənistan arasında sərhədlər bəllidir

Moskvanın təklif etdiyi sənədlər Azərbaycan üçün əhəmiyyətsizdir

Həm Azərbaycanla, həm də Ermənistanla yaxın münasibətlərə malik Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətə xüsusi diqqət ayırır. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, Rusiya tərəfi Qarabağda dinc həyatın qurulması, sabitliyin dəstəklənməsində öz töhfəsini verir.

Həmçinin, Zaxarova əlavə edib ki, Moskva Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində gərginlikləri narahatlıqla qarşılayır: “Sərhədyanı insidentlərin tənzimlənməsi sırf siyasi-diplomatik yollarla olmalıdır. Dayanıqlı sabitliyi yalnız sərhədin delimitasiyası və sonrakı demarkasiyası üzrə təxirəsalınmaz işlər təmin edə bilər. Biz bu səyləri əlimizdə olan kartoqrafik informasiya ilə möhkəmləndirə bilərik. Rusiya tərəfi müzakirələri konstruktiv mənbəyə keçirmək iqtidarında olan sənədlər hazırlayıb”.  

Zaxarovanın diqqət çəkdiyi məqamı “Şərq”ə analiz edən politoloq Əhəd Məmmədli deyib ki, 44 günlük müharibədən əvvəl Rusiya rəhbərliyi başda olmaqla, XİN başçısı və sözçüsü birmənalı deyirdilər ki, münaqişə ancaq sülh yolu ilə həll edilə bilər. Analitik bildirib ki, Azərbaycan müharibəyə başlamaqla və qələbə qazanmaqla bunun əksini sübut etdi:

“Zaxarova çox söz deyə bilər. Əslində Rusiya XİN-in mövqeyi bizim üçün əhəmiyyətsizdir. Azərbaycan lazım olan anda yenidən siyasi iradəsini ortaya qoyacaq. Ermənistanı yerində otuzdurmağa hər zaman hazırıq. İki ölkə arasında sərhədlər bəllidir. Sərhəd məsələsinin uzun-uzadı müzakirəsinə, yenidən müəyyənləşməsinə ehtiyac yoxdur. Əgər sərhədlər çoxdan müəyyən olunubsa, ortada sovet dövrünün xəritələri varsa, Moskva hansı yeni sənədlərdən danışır?!”.

Ə.Məmmədliyə görə, Rusiyanın Cənubi Qafqazdakı mövqeləri Azərbaycanın maraqları ilə üst-üstə düşmür:

“Kreml daxilində Lavrov qruplaşması var və onlar ermənilərə ən böyük dəstəyi verirlər. Hər zaman anti-Azərbaycan siyasəti aparıblar. Xüsusən, Mariya Zaxarova “fəallıq” nümayiş etdirir. Rusiyanın Ermənistana təsiri şübhəsizdir. Amma Bakıda elə düşünürlər ki, Moskva İrəvanı hər şeyə məcbur edə bilər. Ermənistanda Rusiya əleyhinə istənilən addımın atılması mümkündür. Faşist Qaregin Njdeyə İrəvanda abidə qoyulması Kremlin razılığı ilə olmamışdı və Moskva buna sərt reaksiya vermişdi. Amma buna rəğmən, İrəvan bu addımı atmışdı. Ermənistan Rusiyanın orbitindən çıxmaq üçün fəaliyyətini davam etdirir və müəyyən mənada yol qət edib”.