Ermənistandan qaçış yeni sürət alır

İşğalçılıq siyasəti xaricə kütləvi axının təməlini qoyub

İrəvan hökuməti ölkəni yeni, daha faciəli macəralara sürükləmək niyyətindədir


“Son 6 ayda Ermənistanı 138 min nəfər tərk edib. Çox güman ki, onlardan 80 mini əsla vətənlərinə dönməyəcək”. Bu ifadələr ölkədə həyəcan təbili çalan erməni politoloq Qrant Mikaelyana aiddir. Ekspertin sözlərinə görə, bu yalnız aviadaşıyıcıların məlumatlarıdır. Eyni zamanda miqrasiyada ciddi artımı göstərən kifayət qədər böyük rəqəmdir: “Rusiyada böyük ehtimalla 1,8-1,9 milyon erməni yaşayır. 2010-cu ildəki siyahıya alınmaya görə, bu say 1 milyon təşkil edirdi: “Bundan əlavə, onların 600-650 mini Ermənistan vətəndaşıdır. Eyni zamanda, ötən dövrdə on minlərlə erməni Rusiya vətəndaşlığını alıb. Beləliklə, Rusiyada 2 milyon erməninin yaşadığını söyləyə bilərik” .

O, əlavə edib ki, Qarabağ müharibəsindəki məğlubiyyət bütün dünyada ermənilərin və Ermənistanın nüfuzuna ciddi ziyan vurub. Politoloqa görə, ölkəni tərk edən vətəndaşların əsas hissəsi Rusiyaya gedib. Çünki koronavirus pandemiyası kontekstində ora getmək ən asandır, xüsusən də Rusiya ermənilər üçün daha açıq ölkədir: “Ancaq qeyd etmək lazımdır ki, ermənilərin oradakı mövqeyində həm qeyri-rəsmi, həm də rəsmi səviyyədə xeyli zəifləmə var. Bunun səbəbi Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər səviyyəsinin aşağı düşməsidir. Bu məsələdə özümüzü aldatmayaq. Səbəblər hamıya məlumdur. Sadəcə, bütün bunlara göz yummaq, hətta baş verənlərə sevinmək istəyən insanlar”. 

Müstəqillik dövründə Ermənistanı 1,6-1,7 milyon nəfər tərk edib. Erməni ekspert Qagik Yeqanyan deyib ki, onların 1,1-1,2 milyon nəfəri Rusiyaya, 150 mini ABŞ-a, 120 mini Avropaya, yerdə qalanlar isə MDB-nin fərqli ölkələrinə və digər dövlətlərə köçüblər:

“Ən böyük miqrasiya 1992-1994-cü illərdə qeydə alınıb. 3 il ərzində Ermənistanı 600 min vətəndaş tərk edib. 2016-2018-ci illərdə miqrasiya yenidən artmağa başlayıb”. 

Ermənistandakı kütləvi köçü “Şərq”ə dəyərləndirən siyasi şərhçi Anar İmanov deyib ki, 1990-cı illərdən Ermənistanın apardığı uğursuz siyasət ölkədən kütləvi qaçışın təməlini qoyub. Ekspertin sözlərinə görə, koçaryanların, ter-petrosyanların, sarkisyanların işğalçı siyasətini dəstəkləməyənlər kütləvi şəkildə Ermənistanı tərk ediblər:

“Ağlı başında olan erməni başa düşür ki, bu siyasətin sonu yoxdur və nəticədə ağır məğlubiyyətə gətirib çıxaracaq. Ona görə də ölkədən qaçış dayanmır və bəzi hallarda kütləvi xarakter alır. Haqq gec-tez öz yerini tapmalıydı. 44 günlük dərs Ermənistanda qalan ermənilər üçün də qaçış üçün “yaşı işıq” yandırdı. Diqqət etsək, ermənilərdə məğlubiyyətdən sonra balaca bir ümid yaranmışdı. Zənn edirdilər ki, haqqın bərqərar olması ilə bütün problemlər həll olunacaq, irinli yaraları sağalacaq. Amma bu ümidlərə Nikol Paşinyanın anlaşılmaz qərarları balta vurmaqdadır. İrəvan hökuməti ölkəni yeni, daha faciəli macəralara sürükləmək niyyətindədir. Tunelin sonunda işıq görməyən ermənilər isə çarəni ölkədən qaçmaqda görürlər. Hələ arada ermənilərin qaçış planlarına pandemiya mane oldu, yoxsa indi tam başqa rəqəmləri görərdik”. 

A.İmanov vurğulayıb ki, İrəvan hökuməti rəsmi Bakının diktə etdiyi şərtlərə əməl etdiyi halda bu böhranın qarşısını ala biləcəyinin fərqinə varır. Amma ölkədə o qədər qarışıqlıq var ki, Ermənistan rəhbərliyi situasiyanın girovuna çevrilib:

“Ermənistanda hazırda rəhbərlikdə normal siyasətçi yoxdur. Sonuncu konstruktivlik göstərən siyasətçiləri illər əvvəl parlamentdə güllələyiblər. Görünən odur ki, yanlış siyasət Ermənistana hələ çox problem yaşadacaq. Ən böyük problemi isə o olacaq ki, ölkədə əhali kəskin şəkildə azalacaq. Bu isə Ermənistanın yaxın gələcəkdə məhvinə gətirib çıxaracaq”.