Şuşaya dəmir yolu xətti çəkilir

Bununla Azərbaycanın iqtisadi imkanları daha da genişlənəcək


"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır. Bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir. “Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”, - C.Qurbanov qeyd edib.

İqtisadçı-ekspert Rauf Qarayev  "Şərq"ə açıqlamasında bildirib ki, Şuşa dəmir yolu xətti çəkilməsi Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradacaq. Ekspert qeyd edib ki, dəmir yolu dünyada su nəqliyyatından sonra yükdaşımada daha ucuz başa gələn nəqliyyat növüdür:

"Cəmiyyətin həyatında oynadığı sosial-iqtisadi rola görə sərnişindaşıma nəqliyyat sektorunda xüsusi əhəmiyyətə malikdir. Dəmir yolu sərnişindaşımaları isə avtomobil nəqliyyatına nisbətən həm də daha təhlükəsiz və ekoloji cəhətdən təmizdir.

Bu gün Azərbaycanda şəhərətrafı sərnişindaşıma əmək bazarının inkişafına təkan verərək əhalinin gündəlik əmək hərəkətliliyini təmin edir və milli iqtisadiyyata müsbət multiplikativ təsir göstərir.

Çünki milli iqtisadiyyatın inkişafı üçün əmək qabiliyyətli əhalinin mobilliyi vacibdir və dəmir yolu bunu təmin edəcək potensiala malikdir. Lakin bu zaman həm də sərnişindaşımanın effektiv biznes modelinin yaradılması dəmir yolları üçün əsas prioritetlərdən olmalıdır.

Təbii ki, Şuşaya dəmir yolunun çəkilməsi yeni xəbər deyil. Xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı bildirib ki, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulub. Bildiyimiz kimi, Şuşaya çəkiləcək dəmir yolu xətti türk şirkətlərinin birinə həvalə olunacaq. Prezident öz çıxışında daimi vurğulayıb ki, azad olunmuş ərazilərdə o şirkətlər işləyəcək ki, onların dövlətləri daimi yanımızda olub və bizi hər zaman dəstəkləyib. Təbii ki, Türkiyə şirkətlərinin burada olması gözlənilən idi". 

R.Qarayev vurğulayıb ki, artıq Füzulidə hava limanı da tikilib başa çatmaq üzrədir:

"Bunlar hamısı mədəniyyət paytaxtı olan Şuşaya gediş-gəlişi sürətləndirmək, turistləri ərazi ilə daha yaxından tanış etmək üçün bir vasitədir. Bununla da bu yeni dəmir yolu iqtisadi baxımdan ölkəmiz üçün çox faydalı olacaq".