Tərəflər sülh danışıqlarına başlamağa hazırdır

Paşinyan fəaliyyəti boyu ən ağıllı qərarını verdi


Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Kremldə görüşdükdən sonra balans pozulmasın deyə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefonla danışıb. Yayılan xəbərlərdə tərəflərin regiondakı vəziyyəti, üçtərəfli razılaşmaların icrasını, o cümlədən regionda kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə etdiyi bildirilib. 

Nikol Paşinyan Putinlə telefon söhbətindən əvvəl gün ərzində hökumətin iclasını keçirib və sonra Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu söyləyib: “Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”. Ekspertlərin fikrincə, Paşinyan yeni hökuməti formalaşdırdıqdan sonra dediyini etməlidir. Əks halda bölgədə vəziyyət sabitləşməyəcək və Azərbaycan Ermənistanı psixoloji və hərbi təzyiq altında saxlamaqda davam edəcək. Daşkəsəndə AZ TV-yə müsahibə verən Prezident İlham Əliyev Azərbaycanın müəyyən qədər Ermənistanın siyasi gündəminə təsir etdiyini bildirib. Zəngəzur dəhlizi mövzusunun gündəmdə qalması da bu prosesin tərkib hissəsidir.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında vurğulayıb ki, Paşinyan prosesləri dərk edir. Politoloqa görə, Paşinyan başa düşür ki, Ermənistanın başqa çıxış yolu qalmayıb:

“Ermənistan kifayət qədər çətin, həlli mümkünsüz olan problemlərə qərq olub. Fransa BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri kimi yeni qətnamə hazırlayıb. Bütün məsələləri “sıfırlamaq” niyyətini ortaya qoyub. Təbii ki, fransızların qətnaməsi keçməyəcək. Amma ən azı Fransa özünün nə qədər neofaşist mövqe tutduğunu sərgiləmiş oldu. Prezident İlham Əliyevin Rusiya rəhbəri ilə söhbətində Qarabağ məsələsi ciddi müzakirə olundu. Azərbaycan dövlət başçısı ancaq post-münaqişə terminini işlətdi. Putin də “Dağlıq Qarabağ” və “münaqişə” sözünü dilinə gətirmədi. Ermənistan gördü ki, bu məsələdə Putinlə dövlət başçısı İlham Əliyevin mövqeyi eynidir. Moskva, əslində elə rəsmi Bakının özü də istəməz ki, qərəzli Fransa orduları Ermənistanla sərhədə, yaxud Azərbaycan torpaqları olan Xankəndinə gəlsin. Bu, Rusiyanın Qafqaz siyasətinin məhvi deməkdir. Aydın görünür ki, ölkə rəhbəri İlham Əliyevlə Rusiya dövlət başçısı V.Putin arasındakı görüşün Paşinyanın mövqeyinin dəyişməsində mühüm rolu olub. Hər halda Paşinyanın indiki qərarı ağıllıdır. Hətta siyasi fəaliyyəti dövründə verdiyi ilk düzgün siyasi qərardır”. 

C.Nuriyev vurğulayıb ki, bölgədə sülhün, təhlükəsizliyin təminatı daha çox Ermənistana sərf edir:

“44 günlük müharibə Ermənistanı hərbi, siyasi, ideoloji cəhətdən çökdürdü. Bu dövlətin mövcudluğu sual altındadır. Azərbaycan tərəfi isə Zəngəzur məsələsində çox ciddidir. Bunu dərk edən Paşinyan həm taymaut götürür, həm Kremllə münasibətlərin kəskinləşmə ehtimalını aradan qaldırır, həm də Xankəndidə qalan ermənilərin Azərbaycanın hesabına dolanışığını təmin etməyə çalışır. Qarabağdakı ermənilər İrəvan üçün artıq yükdür. Ermənistan blokadadan çıxmalıdır və bunu ancaq Azərbaycan, Türkiyə və Rusiya vasitəsilə edə bilər. Gürcüstanın böyük sürətlə Avropaya yaxınlaşdığı zamanda Ermənistanın gələcəyi təhlükə altındadır”.