Media intihar xəbərlərini verməlidir

Əksinə, gizli gedən proseslərin yarası daha dərin olur

Aqil Camal: "Baxın, son vaxtlar cəmiyyətdə xalq və dövlət olaraq narkotik ticarətinə qarşı bir səfərbərlik hiss olunur" 
Bu, cəmiyyəti silkələyir, səfərbər edir

İntihar xəbərlərinin bu qədər tirajlanması cəmiyyətdə gərginliyi, eləcə də özünə qəsdin sayını daha da artırır. Son vaxtlar artan intihar xəbərləri fonunda tez-tez psixoloqlar bu cür açıqlamalar verirlər. Psixoloqlar hesab edir ki, intiharlar haqqında nə qədər çox informasiya verilirsə, onların sayı daha da artır. Belə fikir yaranır ki, mediada bir gündə bir neçə intihar xəbərinin verilməsi və onların xüsusi sensasiya ilə təqdimatı cəmiyyətdə gərginliyi yüksəldir.

Lakin bu gün medianın həm də kommersiya qurumu olduğunu, əldə etdiyi məlumatı daha çox oxucuya tirajlamaqla ayaqda qalmağa çalışdığını da unutmamaq lazımdır. Bu məqamlara nəzər saldıqda medianın intihar xəbərlərini verib-verməməklə bağlı seçim qarşısında qaldığını söyləyə bilərik. Əlbəttə, ən vacib məqamlardan biri bu xəbərləri necə təqdim etməkdir.

Bu məsələ ətrafında "Şərq"in suallarını “Türküstan” qəzeti və saytının baş redaktoru Aqil Camal  cavablandırıb. Baş redaktor açıqlamasında bildirib ki, bütün hallarda medianın bu qəbildən olan xəbərləri görməzdən gəlməsi mümkünsüzdür:

"Nəzərə almalıyıq ki, bu gün ənənəvi medianın paralelində sosial şəbəkələr, yutub kanalları və s. var. İntihar hadisəsi baş verəndə artıq şahidlər, qonşular onu ən müxtəlif profillərdən telefonla çəkib sosial şəbəkələr üzərindən yayırlar. Bu zaman medianın intihar xəbərlərini verməməsinin bir əhəmiyyəti qalmır. Sadəcə, arada xəbər siyasətində uduzur. Hesab edirəm ki, media intihar xəbərlərini verməlidir. Lakin müəyyən çərçivələrdə. Məsələn, videolar, fotoşəkillər, yaxud, intihara səbəb olan məsələlərlə bağlı senariləşdirilmiş geniş mətnlərlə yox. “İntihar haqda məlumatların verilməsi intihara təşviq edir” fikri ilə razı deyiləm. Onu doğuran problemləri aşkara çıxarıb, üzərinə getmək lazımdı". 

A.Camal əlavə edib ki, bu yanaşma eynilə narkotika ilə bağlı da var:

"Amma hamının günlük həyatda gördüyü prosesi gizlətmək nəyə kömək edir. Əksinə, gizli gedən proseslərin yarası daha dərin olur. Baxın, son vaxtlar cəmiyyətdə xalq və dövlət olaraq narkotik ticarətinə qarşı bir səfərbərlik hiss olunur. İnsanlar məhəllələrində, tanıdıqları adamlar arasında olan vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına anonim müraciətlər edirlər. Narkotik maddələrin zərərli nəticələri ilə bağlı real foto və videolar paylaşılır. Bu, cəmiyyəti silkələyir, səfərbər edir. Eyni zamanda, narkotik ticarətində özünü rahat hiss edənlərin canına vəlvələ salır. Bu baxımdan, düşünürəm ki, intihar xəbərləri də həm informasiya olaraq verilə bilər, həm də səbəbləri ilə bağlı sosioloji, psixoloji məqamlar ekspertlər tərəfindən topluma çatdırıla bilər".