Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır


Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir


"Sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqaz Aİ-nin marağındadır".  Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda səfərdə olduğu zaman "Twitter" hesabında yazıb paylaşmışdı. Və əlavə etmişdi: "Bakıda Şəhidlər Xiyabanında mən Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim. Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir. Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz bir hissəsidir".  Azərbaycanın dünya güclərinin daim maraq dairəsində, diqqət mərkəzində olduğunun əlavə təsdiqə ehtiyacı yoxdur.

Tarixən bu belə olub, indi də belədir. Xüsusən, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, yüksələn xətt üzrə inkişaf edən iqtisadiyyatı ilə xarici ölkələrin, beynəlxalq təşkilatların diqqətini daha artıq cəlb etməyə başladı.

Ulu Öndər Heydər Əliyev tərəfindən yürüdülən məqsədyönlü siyasət ölkəmizin dünya birliyinə səmərəli inteqrasiyasını təmin etdi. İnteqrasiyanın  səmərəliliyini ona görə vurğulayırıq, çünki bu zaman Azərbaycan dövlət maraqlarını güzəştə getmədi, milli adət-ənənələrini modernləşmə içərisində itirmədi. Azərbaycan özünəməxsusluğunu qoruyub saxlayaraq dünya birliyinə inteqrasiya etdi, beynəlxalq təşkilatlarla əməkdaşlıqda da dövlət və milli maraqlarını hər şeydən üstün tutdu. Prezident İlham Əliyevin xarici siyasət kursu məhz bu yöndə formalaşıb. “Güclü dövlətlə hamı hesablaşır”, aksiomu prezidentin yürütdüyü siyasətdə təsdiqini tapır. Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra biz bunu daha bariz şəkildə müşahidə edir, görürük.  Dünya dövlətləri Azərbaycanla yaxınlaşmağa cəhd edir, dostluq təklifləri ilə çıxış edirlər. Bu vaxta qədər də oxşar vəziyyət idi. Lakin qalib ölkə kimi hazırda Azərbaycan öz şərtlərini daha qətiyyətlə diktə edir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ölkəmizə səfəri çərçivəsində bu tendensiya aşkar hiss edildi. Aİ Şurası prezidentinin dostyana paylaşımları təsadüf sayılmaz.  Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev Aİ Şurası prezidenti Ş.Mişellə keçirdiyi birgə mətbuat konfransında  Avropa İttifaqının regionda rolunu vurğulaması əslində Prezidentin qonağa jesti idi. Regionda əsas söz sahibinin artıq Azərbaycan olduğunu Avropa İttifaqında da bilməmiş deyillər. Prezident mətbuat konfransında qeyd etdi ki, Avropa İttifaqı Azərbaycan üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Aİ Şurası prezidentinin Azərbaycana səfəri tərəfdaşlığımızın yaxşı göstərcisidir: “Bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdə-biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”. 

Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparılıb, xüsusilə Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin  istismara verilməsi, ilin əvvəlindən etibarən Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunması, Azərbaycanın Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik etməsi,  nəhəng "Şahdəniz 2" qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir.  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də mətbuat konfransı öncəsi bəyanatında qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığa strateji xarakter vermək niyyətindədir. Bunlar, innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn birgə layihələrdir. Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Enerji layihələrinin reallaşmasında va davamlığında  regional əməkdaşlıq vacibdir.