"Mədəniyyət sahəsində də böyük vəzifələr müəyyənləşdirilib"

Azərbaycanda son illər mədəniyyət sahəsində bir sıra işlər görülüb. Yeni mədəniyyət obyektləri-kitabaxanalar, muzeylər, teatrlar, kinoteatrlar istifadəyə verilib. Bundan başqa ölkədə beynəlxalq mədəni tədbirlər, 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsi, o cümlədən Muğam festivalları keçirilib. Dünyanın tanınmış qurumları, təşkilatları ilə əməkdaşlıq əldə olunub. 



Mədəniyyət sahəsindəki inkişafı “Sherg.az”a dəyərləndirən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, “kitabxana.net”, “yenimedia.net” portallarının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, biz sürət əsrinin sakinləriyik:

“Hadisələr bir-birini çox tez əvəzləyir. Hətta  biz ekspertlər belə onlara  lazımi və vaxtında qiymət verməkdə çətinlik çəkirik. Azərbaycanda dövlət  başçısı tərəfindən aparılan güclü islahatlar Mədəniyyət Nazirliyindən də yan keçmədi. Başda nazir olmaq şərti ilə bir çox  əməkdaşları işdən uzaqlaşdırıldı. Mədəniyyət çox böyük sahələri  özündə ehtiva edir.

Ölkəmizdə mədəniyyət dedikdə yalnız çal-çağır, incəsənət sahələri yada düşür. Amma mədəniyyət müasir dövrün ən böyük geosilahlarından biridir. Kulturologiya mədəniyyətə geniş aspektdən baxır. Biz həyata keçirilən islahatlara, yeniliklərə, estetik dəyişmələrə qiymət verdikcə, həm də müasir zəmanəmizi dəyərləndiririk.

Mədəniyyət Nazirliyində gedən dəyişikliklər də  marağımızdadır. Sadəcə sürəti bizi qayğılandırır. Düzdür, Kino fondu yaradıldı, müxtəlif  müsabiqələr keçirildi. Bununla yanaşı, obyektiv-subyektiv səbəblərə görə islahatları gücləndirmək bir qədər çətin idi. Çünki koronavirusdan qaynaqlanan müxtəlif qadağalar mövcuddur.

Kitabxanalar, teatrlar qapadıldı. Son Qarabağ savaşı oldu. Bunlar da  mədəniyyətdə islahatları bir qədər ləngitdi. Qeyd etmək istəyirəm ki, son illər ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi, Muğam festivalları  kimi mədəniyyət hadisələri olub.

Yeni nazirdən də bu kimi tədbirləri gözləyirik. Ali Baş Komandan 44 günlük müharibədəki qələbəmizdən sonra  bir çox sahələrdə olduğu kimi mədəniyyətdə də böyük vəzifələr müəyyənləşdirdi.

Nazirliyin qarşısında konkret vəzifələr qoyuldu. Onlardan biri də Qarabağın mədəniyyət faktoru kimi Azərbaycanın əzəli torpağı olmasını, xalqımızım sivilizasiya beşiyi olduğun dünyaya tanıtmaqdır.

Bu istiqamətdə filmlər çəkmək, YUNESKO-nun eskpertlərini çağırmaq, müxtəlif dini inancalara aid tarixi abidələrimizi, Qarabağdakı muzeyləri bərpa etmək kimi məsələlər var. Bunların bir hissəsi ilə bağlı müəyyən işlər görülüb.

Məsələn, yaxın günlərdə YUNESKO məşhur siyahısına daxil etdiyi dörd Azərbaycan mədəniyyət hadisəsininin sertifikatını təqdim etdi. Ədəbiyyatla bağlı müsabiqə keçirildi.

Qarabağın poetik, ədəbi salnaməsini özündə əks etdirən müsabiqədə yazıçıların, şairlərin iştirakı ilə yeni əsərlərin yazılmasına təkan verdi. Musiqi sahəsində müəyyən irəliləyişlər görürük.

Bədii, sənədli filmlərlə bağlı müəyyən müsabiqələr elan edilir. Virtual aləmdə Azərbaycan obrazını yaratmaq üçün sosial şəbəkələrdə müxtəlif müsabiqələr elan etmək, ədəbiyyatımızı, tarixi həqiqətləri müxtəlif dillərdə dünyaya çatdırmaq olar. Bu istiqamətdə bir sıra problemlər var.

Eyni zamanda müxtəlif insanlar tərəfindən yaradılan kontektlər var ki, bunu Mədəniyyət Nazirliyini dəstəkləməsi üçün internet mədəniyyət fondunun yaradılmasına ehtiyac yaranır.  Biz istərdik ki, bu məsələlər Mədəniyyət Nazirliyinin  diqqətində olsun”.