Türkiyəli jurnalist:“Ermənistan Fransanı “oyuna” daxil etmək istəyir”

“Moskva vəzifəsini yerinə yetirə bilmədiyinə görə Ankara və Bakı onun vasitəçiliyinə etiraz edə bilər”

“Və bu zaman regiona Rusiyadan qat-qat uzaq Parisin vasitəçi olması bizim maraqlarımıza daha uyğundur”


Məlum olduğu kimi, sərhəddə vəziyyət yenidən gərginləşib. Şəhidimiz də var. Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan sülh müqaviləsini imzalamağa hazır olduğunu desə də, davranışları bunu təsdiqləmir. Belə demək mümkünsə, “saman altından su yeritməyə” çalışır. Proseslərin gələcək inkişafı isə çoxlarını düşündürür.

 “Sherg.az” olaraq türkiyəli jurnalist Mevlüt Yükselle son prosesləri müzakirə etdik:

- Azərbaycan neft ölkəsi olmaqla yanaşı, həm də dənizə çıxışı və tükənməz geosiyasi üstünlükləri olan bir ölkədir. Həmçinin bura Qərbin Şərqə doğru yeganə dəhlizidir. Bu, Azərbaycanın Qərbin dəstəyini almasından ötrü çox mühüm məqamdır. Üç xristian ölkəsi ilə əhatə olunan Azərbaycan türk dünyasının açarıdır. Ermənistan da son vaxtlar bunun fərqindədir. Qorxularından və siyasilərin açıqlamalarından belə məlum olur ki, Zəngəzur məsələsi artıq onları narahat edir. Atəşkəsin pozulması bəzən guya mesaj məqsədlidir. Bəzən isə bunu pozulmuş psixologiyalarını belə demək mümkünsə, pərdələmək üçün edirlər. İrəvan məğlubiyyətin ardınca Rusiyanın ona verdiyi inamla bir çox provokasiyalara əl atır.

-Bəs Moskvanın maraqları nədir?

- Şimal qonşunuz beləliklə hər iki tərəfi nəzarətdə saxlamağa və siyasi səhnəyə özü dizayn verməyə çalışır. Dediyim kimi, Ermənistan vaxtı ilə tanıdığı Azərbaycan sərhədlərini pozmaq cürətini məhz Kremldən alır. Onu da deyim ki, təxribatlar daxili ictimai şüura, müxalifətə qarşı mübarizəyə də hesablana bilər. İrəvan üçtərəfli razılığı sıradan çıxararaq yeni bir müqavilə imzalanmasında maraqlıdır.

- Bilirsiniz ki, sərhəddə vəziyyət gərgindir. Yeni müharibə ehtimalını necə qiymətləndirirsiniz?

- Bu, ağlabatan deyil. Lokal hərbi əməliyyat mümkündür. Lakin Azərbaycan ordusunun üstünlüyü, Türkiyənin hər an gözdə-qulaqda olması  savaş ehtimalını minimuma salır. Paşinyan iqtidarı yeni müharibə istəyərsə, Rusiyanın əlinə Ermənistanı tamamilə Qərbdən qoparmaqdan ötrü şans vermiş olar. İkinci bir tərəfdən, Ermənistanın iqtisadiyyatı çox pis vəziyyətdədir. Müharibə düşmən üçün sosial fəlakət olar. Bu isə Ermənistanı Avropadan daha asılı vəziyyətə salacaq. Həmçinin müharibə başlasa və Azərbaycan yeni torpaqları azad etsə, Paşinyan hakimiyyətinə ciddi risk yaranacaq. Əslində Ermənistan hərbi təhriklərlə Rusiyanı pis vəziyyətdə qoyur. Fikrimcə, bu, Fransa kimi Avropa ölkələrinin “oyuna” daxil olmasına hesablanıb. Moskva vəzifəsini yerinə yetirə bilmədiyinə görə Ankara və Bakı onun vasitəçiliyinə etiraz edə bilər. Və bu zaman regiona Rusiyadan qat-qat uzaq Parisin vasitəçi olması bizim maraqlarımıza daha uyğundur.

- İlham Əliyevlə rusiyalı həmkarının Moksvadakı görüşü nələr vəd edir?

- Fikrimcə, görüşdə “mülayimləşmə” və Azərbaycanın müşahidəçi qismində KTMT-yə üzv olması barədə müzakirələr gedib. Görüşün regiondakı duruma iyun ayında Bakı ilə Ankara arasında imzalanan Şuşa Bəyənnaməsi qədər çox təsir edə biləcəyinə inanmıram.

- “İsgəndər-M” raketi ilə bağlı müəmma hələ də həllini tapmayıb…

- Rusiya elə etməlidir ki, biz ona inanaq. Və əmin olaq ki, Ermənistana satılan silahlar Azərbaycanla Türkiyəyə qarşı istifadə olunmayacaq. Əslində hələ illər əvvəl havadan müdafiə sistemlərini inkişaf etdirməklə problemi aradan qaldıra bilərdik. Çünki Rusiyanın daim silah gücü ilə təhlükəli bir dövlətə çevrildiyini bilirik. Hazırkı reallıq isə budur: Azərbaycan və Türkiyə Cənubi Qafqazı və bütün türk dünyasını çiyinlərində tam fərqli gələcəyə aparır. Odur ki, tarixi günlər yaşayırıq.

- Hələlik cəmi üç rayonun minalı ərazilərin xəritəsini almışıq. Bəs problem tamamilə necə həll olunmalıdır?

- Müharibənin üzərindən bir ilə yaxın vaxt keçməsinə rəğmən, hələ də məhz o minalara görə şəhidlər verməkdəyik. Fikrimcə, erməni terrorçuları qarşılığında minalı ərazilərin xəritəsini tələb etmək olar. Düşmənə indi döyüşçü hava-su qədər lazımdır. Odur ki, terrorçular qarşılığında hətta İrəvanı da boşalda bilərlər.

- Belə vəziyyətlərdə media necə davranmalıdır? Dezinformasiyaların qarşısı necə alınmalıdır?

- Müharibə vaxtı media tərəfsiz və milli maraqlara uyğun şəkildə hüquqi işini davam etdirməlidir. Dezinformasiya və saxta xəbərlər psixoloji hücum üsuludur. Xatırlayırsınızsa, İsrail hələ yarım əsr əvvəl Ərəb ölkələrini çaşdırmaq üçün saatlar sonra hücuma keçəcəyini elan etmişdi. Xəbərlər sensasiya yaratdı və müharibə qəzet səhifələrindəki manşetlərlə başlandı. Həqiqət budur ki, media bəzən savaşların taleyini dəyişdirə biləcək gücdədir.

- Bəs prioritet peşəkarlıq, yoxsa vətəndaşlıq olmalıdır?

- Mümkün qədər həm jurnalistika prinsiplərini, tələblərini, həm də vətəndaşlığı nəzərə almaq lazımdır. Jurnalistika müstəqil sahə olsa da, bəzən “Dövlət sirri”, “Hərbi sirr” kimi anlayışları nəzərə almaq lazım gəlir. Media dövlət siyasətinin bir qolu olmasına rəğmən, ordunu da unutmaq olmaz. Deməli, bəzən risk yaratmamaq naminə itkiləri gizlətmək, gec açıqlamaq məqsədəuyğundur. Bu, yalan danışmaqdan daha yaxşıdır.

- Müsahibəmizin sonunda nə demək istərdiniz?

- Yeni dünya nizamına doğru gedirik. Hər şey bəşəriyyət və türk dünyası üçün xeyirli olsun. Xankəndidən xəbərlər vermək arzusu ilə.