Kəlbəcərə qayıdırıq...

Hər yan gül-çiçək, Tanrı bu eldən heç nəyi əsirgəməyib

Sovet vaxtı Müslüm Maqomayevə məxsusi Kəlbəcər balı göndərirdilər


Arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın rayonunun yaylaqlarına köçürülməsi başa çatıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında qeyd olunur ki,  pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatının Laçın yaylaqlarına köçürülməsi təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından bildiriblər ki, artıq Laçın rayonundan olan fermerlərə məxsus 15 arıçılıq təsərrüfatının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması həyata keçirilib. Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib.

Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını Laçın yaylaqlarına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Laçın ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparır. Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Laçın rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın bu yaylaqlara köçünü təmin etməkdir. İşğaldan azad edilmiş Laçın rayonunda arıçılığın inkişafı üçün böyük potensial mövcuddur. Bölgənin bitki örtüyü ehtiyatlarının arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir. Bu il pilot layihə çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4068 arı ailəsinin köçürülməsi təmin edilib. 

Əslən Kəlbəcərdən olan jurnalist, şair-yazıçı Hidayət Elvüsal “Şərq”ə açıqlamasında arıçılıq təsərrüfatlarının Kəlbəcər və Laçın yaylaqlarına daşınmasını məskunlaşmanın əsas halqalarından biri adlandırdı: 

- Kənd Təsərrüfatı Nazirliyinin arıçılıq təsərrüfatlarının daşınmasıyla bağlı məlumatını mən də oxudum. Çox da şad oldum. Bu o deməkdir ki, Kəlbəcərdə, Laçında məskunlaşma sürətlənib. İşğaldan azad edilmiş ərazilərimizə qayıdırıq, nəhəng işlər görülür, quruculuq işləri aparılır. Amma o torpaqlara bacardıqca tez getmək lazımdı. Kəlbəcəri tərif etməyə sözlər yetmir. Qafqazda ən keyfiyyətli bal Kəlbəcər balıdır. Tarixən bu belə olub, hamı da bunu bilir. Sovet vaxtı danışırdılar ki, SSRİ Xalq artisti Müslüm Maqomayevə məxsusi olaraq Kəlbəcər balı göndərirlər.  Hər səhər Kəlbəcər balı yeyir, bal şərbəti içir. Balın min bir dərdin dərmanı olduğu məlumdu. Palıd balı var, cökə balı, kəklikotu, qantəpər balı... Bunların hərəsini ayrı-ayrı tuturlar. Balçılar bunu daha yaxşı bilir. Mən o qədər də məlumatlı deyiləm. Amma bal yetişdirənlərdən eşitmişəm ki, hansı növ bal əldə etmək istəyirsənsə, gərək arını ona alışdırasan. Arı yuvasının önünə palıd ağacı qoysan, palıda öyrəşəcək, hara uçsa da, palıd balı toplayıb qayıdacaq. Eləcə də qantəpər, kəklikotu, cökə... Arını gərək narahat etməyəsən. Narahat etməsən, arı adama dəymir. Bunu arıçılar yaxşı bilir. Nə vaxt bal pətəyinin ağzı açıla bilər, nə vaxt pətəyə yaxın durmaq olmaz. Mən özüm dəfələrlə əl-qolum örtünməmiş pətəkdən bal çıxarmışam.  Şan balı başqadı, süzmə bal başqadı...  Kəlbəcərin gülü-çiçəyi saya-hesaba gəlməz. Tanrı bu eldən heç nəyi əsirgəməyib. İstisu min-bir dərdin dərmanıdı. İndi hərə bir klinika açır,  adını da qoyurlar ki, övladı olmayanlara övlad veririk. Övladı İstisu verirdi ey... Övladı olmayanlar İstisuda bir-iki gün qalıb suyundan içirdilər, övladları olurdu. Turşsunun  tərkibindəki maqnezium, dəmir əsl sağlamlıq mənbəyidi. İndi əhali tərkibində dəmir olan qida tapmır. Deyirlər, almanın tərkibində dəmir var. Hardadı elə alma?! Almaların tərkibində ancaq dərmanlar var indi. “Qotur” İstisu da vardı.  Bədəndə  nə ki qotur, qızartı, qaşınma olurdu, hamısını aradan qaldırırdı. Yolotu bitir Kəlbəcərdə. Böyrək daşını parça-parça edir, ovulub tökülür.  Kəlbəcərin havası də dərmandı, suyu da. Ələ düşməyən nemətdir bunlar. Kəlbəcərdə bir şiş kaba yeyən, Yevlaxda ətə  “yaxın” durmur. 

H.Elvüsal arıçılıq təsərrüfatlarının daşınmasının asan başa gəldiyini də dedi: 

- Arıçılıq təsərrüfatları asan, tez daşınan əmlakdı. Məsələn, mal-qaranı daşımaq çətindi. Amma qoyun-quzunu yaylağa aparmaq asandı.  Biz də nə asandırsa, hansı iş tez başa gələndirsə, birinci ondan başlamalıyıq ki, məskunlaşma da sürətlənsin. Arıçılıqla məşğul olanlar Kəlbəcər, Laçın yaylaqlarına gedir. Ailələri də gedəcək, orda qalacaqlar, yaşayacaqlar. Beləcə məskunlaşma prosesi sürətlənəcək. Bu işləri tezləşdirmək lazımdır. 

H.Elvüsal qeyd etdi ki, Kəlbəcər balının ixracını da həyata keçirmək olar: 

- Təsərrüfatlarla bağlı lazımi iş aparılsa, Azərbaycan Kəlbəcər balının ixracını da həyata keçirə bilər. Bu da olar daha bir brend -  Kəlbəcər balı. Əvvəəllər ixrac barədə düşünən olmayıb. Dosta-tanışa bal aparıblar, fərdi qaydada, ayrı-ayrı şəxslər kimlərəsə bal hədiyyə edib, pay veriblər. Amma bu işi genişləndirmək mümkündü. Bunun üçün də gərək fermerlərə imkan yaradılsın. Daha hansısa məmur bağı-dağı zəbt edib, “bu dağ mənimdi”, “bu su mənimdi”, deməsin.  28 il Kəlbəcər həsrətiylə yaşayanlar doğma el-obasına qayıdıb ürəklə, heç kimdən çəkinmədən əkib-becərsinlər. Torpağı ürəklə - qucaq dolusu qucaqlasınlar.