Ali təhsil ocaqları mütləq dünya təcrübəsindən yararlanmalıdır

“Bu gün Azərbaycanın 51 universitetindən heç biri dünya reytinqində ilk minlikdə yoxdur”


Azərbaycanda son illər təhsilin inkişafına diqqət və qayğı hiss olunan dərəcədə artıb. Müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi tarixi dönəmdə təhsilin hərtərəfli inkişafına böyük önəm verirdi. Sevindirici haldır ki, dahi şəxsiyyətin bu mühüm, taleyüklü sahədəki müdrik siyasəti onun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir.

Qeyd edək ki, iqtisadiyyatın dayanıqlı inkişafında ali təhsilin müstəsna rolu vardır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil iqtisadiyyatda davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bununla əlaqədar, dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Həmin qərarlardan biri ölkədə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Ölkə prezidentinin sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur.

Qəbul edilən mühüm qərarlardan biri də "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsidir.

Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini, ikinci istiqamət isə xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsini nəzərdə tutur. Qeyd edək ki, bu günləri ölkəmiz xarici ölkələrin təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu cür beynəlxalq əlaqələr inkişaf və rəqabət üçün əlverişli imkanlar yaratmaqla yanaşı, son nəticədə təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi vasitəsilə ölkənin tərəqqisinə gətirib çıxarır. 

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında xarici ölkələrin təhsil müəssisələri ilə birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.  O qeyd edib ki, Azərbaycan ali təhsil müəssisələri mütləq şəkildə dünya təcrübəsindən istifadə etməlidir:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra məlum oldu ki, bizim ali təhsil müəssisələrimiz müasir dövrün tələblərinə və əmək bazarının standartlarına cavab verən kadr hazırlığı həyata keçirmir. Biz daha çox həmin vaxtı sovet dövrünün əmək bazarı üçün kadr hazırlayırdıq. Yəni yerli bazarda bizim ciddi şəkildə kadrlarımız çox zəif idi. Məhz ona görə də Azərbaycan ali təhsil müəssisələrinin xarici ölkələrlə birgə fəaliyyəti çox mühüm idi. Sevindirici haldır ki, hazırda gənclərimiz dövlət büdcəsinin vəsaiti hesabına və yaxud da öz vəsaiti hesabına xarici ölkələrdə təhsil almağa cəlb edilirlər. Bundan başqa, xarici ölkələrdən ölkəmizə mütəxəssislər və müəllimlər cəlb edilir. Habelə, bir sıra xarici universitetlərlə birgə əməkdaşlıq müqaviləsi imzalanır. Bilirsiniz ki, universitetlər arası əməkdaşlıq müqaviləsi çox yaxşı bir tendensiyadır. Çünki reytinq və beynəlxalq nüfuz baxımdan əgər həmin universitetlər dünyada tanınırsa, onlarla birmənalı şəkildə əməkdaşlığa ehtiyac var. Misal olaraq, Harvard, Oksford, Şanxay kimi bir sıra universitetlər beynəlxalq nüfuza malikdirlər. Təbii ki, bunlarla əməkdaşlıq etmək Azərbaycan universitetlərinin beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Eyni zamanda, Azərbaycan universitetlərinin dünya reytinqində irəliləməsinə gətirib çıxarır”. 

Təhsil eksperti hesab edir ki, Azərbaycan mütləq şəkildə dünyanın inkişaf etmiş ölkələrinin universitetlərinin təcrübəsindən yararlanmalıdır:

“Bu günləri Azərbaycanın 51 universiteti heç biri dünya reytinqində ilk minlikdə yoxdur. Amma yaxşı olar ki, Azərbaycan universitetləri dünya reytinqində ilk minlikdə olan universitetlərlə əməkdaşlıq etsin və onların təcrübəsindən yararlansınlar. Müəyyən proqramlar çərçivəsində bir sıra layihələr ətrafında əməkdaşlıq olarsa, o zaman bu, Azərbaycan universitetlərinin  dünya reytinqinə müsbət təsir göstərər. Eyni zamanda rəqabətə davamlı iqtisadiyyatın formalaşması üçün kadrlarımız olar. Qeyd edim ki, ölkəmizdə xarici təhsillə bağlı bir sıra dövlət proqramları var. Bu tipli proqramlarda da əlbəttə ki, biz beynəlxalq təcrübədən yararlanmalıyıq. Digər tərəfdən hesab edirəm ki, xarici ölkələrin təhsil müəssisələri ilə tərəfdaşlıq və əməkdaşlıq Azərbaycanda universitetlər arasında rəqabətin artmasına şərait yaradacaq”.