“Yekun sülh müqaviləsi mütləq imzalanacaq, amma şərtlər...” – ŞƏRH 

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan serbiyalı həmkarı Nikola Selakoviçlə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib ki, hələlik Ermənistan tərəfinin sülhlə bağlı təkliflərimizə cavab tədbirlərini müşahidə etmirik.
“Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın davam edən işğal faktı, Vətən müharibəsi nəticəsində işğala son qoyulması və beynəlxalq hüququn bərqərar olması barədə həmkarımı məlumatlandırdım. Həmçinin, sülhün əldə olunması, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, orada şəraitin yaradılması və yenidənqurma işləri barədə Azərbaycan tərəfindən atılan sistemli addımlar barədə də məlumat verdim.
Ermənistanla münasibətlərin normallaşma imkanları, iki ölkə arasında sülh müqaviləsi təklifi, sərhədlərin delimitasiyası istiqamətində Azərbaycan tərəfinin atdığı addımlar barədə də bildirdim”, - XİN rəhbəri qeyd edib.
Görünür, düşmən ölkədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan yekun sülh müqaviləsini imzalamağa hazır olduğunu deməklə sadəcə blef edir.

 “Sherg.az” olaraq yekun sülh müqaviləsi haqqında hərbi-siyasi ekspert Həşim Səhrablı ilə müzakirə apardıq:

- Yekun sülh müqaviləsinin imzalanması nə qədər realdır?

- Bu, gec-tez mütləq olacaq. Əks halda regionda sabitlikdən söhbət gedə bilməz. Sadəcə yekun sülh müqaviləsinin nə vaxt imzalanacağını demək çətindir.

- Axı Paşinyan buna hazır olduğunu deyib...

- Belə bəyanatlar əvvəllər də bir neçə dəfə səsləndirilib. Lakin diqqət edirsinizsə, Paşinyanın hər oxşar çıxışından sonra sərhəddə vəziyyət gərginləşir. Deməli, nə isə düzgün deyil...

- Elə isə yekun sülh müqaviləsi hansı formada imzalanacaq?

- Üç variant var. Birincisi, məsələnin beynəxalq müstəvidə həllini tapmasıdır. İkincisi, münaqişə tərəflərinin, yəni Azərbaycanla Ermənistanın prosesi öz aralarında həll etməsidir. Üçüncüsü isə rəsmi Bakının güc tətbiq etməsidir. Söhbət sülhə məcburetmə əməliyyatlarından gedir.

- Ən real variant hansıdır?

- Konfliktin beynəlxalq müstəvidə həllini tapacağı ağlabatan deyil. Çünki hər bir regioanl gücün öz maraqları, istəkləri var. Türkiyə, Rusiya, İran, Qərb...- hər biri istəyəcək ki, şərtləri özü diktə etsin. Düzdür, Azərbaycan nəzəri olaraq anti-terror əməliyyatlarına başlaya bilər Lakin regionda sülhməramlı qüvvələrin olduğunu nəzərə almaq lazımdır. Deməli, bizim belə bir addımımız beynəlxalq təzyiqə səbəb ola bilər. Yəni, fikrimcə, ən uyğunu məhz ikinci yoldur. Hərçənd bunun da öz problemləri var.

- Nələr?

- Ermənistan hələ də hərbçilərini Qarabağdan çıxarmayıb. Həmçinin havadarlarına arxayın olaraq  hansısa statusdan danışır. Yəni İrəvan mütləq hansısa şərtlər irəli sürəcək. Deməli, ortaq mövqe tapmalı olacağıq.