Müharibə böyük şans yaratdı

Türkiyə, Azərbaycan və Pakistan arasında iqtisadi ticari əlaqələr daha da genişlənəcək


Dünən Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayseri arasında birinci üçtərəfli toplantı keçirilib. Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanıb. 

Millət vəkili Vüqar Bayramov "Şərq"ə bu bəyannamənin iqtisadi əhəmiyyətindən danışıb. O bildirib ki, imzalanan yeni bəyannamə ilə üç qardaş ölkə arasındakı strateji münasibətlər yeni mərhələyə qədəm qoyacaq:

"Artıq Azərbaycan hər iki ölkə ilə iqtisadi sahədə əməkdaşlığı gücləndirməkdədir. Türkiyə şirkətləri işğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurmasında yaxından iştirak edirlər. Pakistan şirkətləri ilə də genişmiqyaslı əməkdaşlıq imkanları var. Bu əməkdaşlıq, ümumi nominal ümumi daxili məhsulu 1 trilyon dollardan çox olan 3 ölkənin strateji baxımdan birlikdə olması anlamına gəlir. Digər tərəfdən, 743 milyard dollar ÜDM-lə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47.1 milyard dollarlıq ÜDM-yə malik olan Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdirlər".

Deputat vurğulayıb ki, üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən də pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir:

"Hazırda, Azərbaycan ilə Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4.2 milyard dollardır və son 2 ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb. Azərbaycanla Pakistan arasındakı illik ticarət dövriyyəsi isə 13.2 milyon dollardır. Ölkələr ticari əməkdaşlığı son üç ildə 80 faizə yaxın genişləndirə biliblər. 

Göründüyü kimi, Azərbaycan ilə hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir. Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak imkanları da var. Gözlənilir ki, post-pandemiya dövründə hər üç ölkə arasında həm iqtisadi əlaqələrdə, həm də ticarət dövriyyəsində ciddi artımlar qeydə alınacaq".