Manatın dəyəri dəyişəcək

Uzun müddət məzənnəni sabit saxlamaq mümkün deyil

Azərbaycan manatının digər valyutalar qarşısındakı mövqeyi yenidən zəifləyib. İyunda manatın real effektiv məzənnəsi xarici valyutalar qarşısında 101.4 bəndə düşüb. May ayında isə manatın REM-i 102.4 bənd təşkil edirdi. Bildirək ki, son bir ildə manatın ümumi olaraq real effektiv məzənnəsi son 11 ayın maksimum nəticəsini göstərməklə aprel ayında 104.0 bəndə yüksəlmişdi. Qeyri-neft sektoru üzrə manatın REM-i 98.1 bənd təşkil edib. Bu isə son bir ay ərzində 1.1 bənd zəifləməsi deməkdir. Maraqlıdır, il sonunadək Azərbaycan manatı dəyərini xarici valyutalar qarşısında qoruya biləcəkmi? 

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında qeyd edib ki, gələcəkdə manatın məzənnəsinin dəyişməsi qaçılmazdır:

"Azərbaycanda Mərkəzi Bankın manat siyasəti ona hesablanıb ki, dollar və manat məzənnəsi ənənəvi olaraq sabit qalır. Artıq dörd ildir ki, biz bu rejimdə fəaliyyət göstəririk. Amma dolların digər valyutalara olan nisbətdə ucuzlaşması və yaxud da bahalaşması çarpaz məzənnə rejiminə uyğundur. Manatın digər valyuta növlərinə məzənnəsi də çarpaz məzənnə ilədir. Digər valyutaların dollara nisbətən dəyişməsi Azərbaycan manatının həmin valyutaların məzənnəsində öz əksini tapır. Qeyd edim ki, son zamanlar dolların səviyyəsinin yüksəlməsi digər valyutaların dəyişməsinə səbəb olub. Yəni digər valyutalara nisbətən dollar daha da güclənib. Son bir-iki ayda biz bunun dünyada güclənməsini müşahidə edirik.

Bunun nəticəsidir ki, Azərbaycan manatı digər valyutaların məzənnəsində aşağı düşüb, yəni ucuzlaşma müşahidə olunub. Məsələn, avro bir neçə ay bundan öncə 2 manat 10 qəpiyə yaxın idi, indi 2 manat civarındadır. Ümumiyyətlə, Azərbaycanda manatın məzənnəsinin hansı formada dəyişəcəyi Mərkəzi Bankın inzibati tənzimləmə siyasətindən asılıdır. 

Azərbaycanda bilirsiniz ki, üzən məzənnə rejimi yoxdur. Ona görə də məzənnə dəyişikliyi siyasi qərarla və Mərkəzi Bankın inzibati qərarları ilə olur. Açığı, düşünmürəm ki, bu il neftin qiymətinin 70 dollardan yüksək olduğu bir şəraitdə, həmçinn ölkədəki sosial, iqtisadi vəziyyəti nəzərə alaraq məzənnə dəyişikliyə gedəcək. Amma bu o demək deyil ki, növbəti illərdə, yaxud da gələn il məzənnə dəyişikliyi olmayacaq". 

N.Cəfərli əlavə edib ki, uzun zaman müddətində məzənnəni sabit saxlamaq da mümkün deyil:

"Biz bunun fəsadlarını bir dəfə yaşamışıq. Xatırlayırsınızsa, 2005-2015-ci illərdə sabit məzənnə rejimində yaşadıq. Sonradan üç dəfə devalvasiya oldu. Təbii ki, uzun zaman sabit məzənnə rejiminin öz fəsadları var. Fikrimcə, yaxın aylarda məzənnə dəyişməyəcək. Amma bu o anlama gəlmir ki, gələn il, yaxud da ondan sonrakı illərdə bu baş verməyəcək. Əksinə, düşünürəm ki, gələcəkdə manatın məzənnəsinin dəyişməsi nəinki mümkündür, hətta belə deyək ki, qaçılmazdır".