Bilgilənmək şərtdir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

İnternet sahəsində kibercinayətlərin sayı sürətlə artır

Başa düşməliyik ki, kompüteri, mobil telefonları işlədiriksə, mümkün qədər ehtiyatlı olmalıyıq


XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir. Bütün dünya ölkələri hazırda informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanırlar. Azərbaycanı da bu ölkələr arasında görmək hər birimiz üçün sevindiricidir.

Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Lakin hər yeniliyin, xüsusən internet sahəsindəki texnoloji tətbiqlərin özünəməxsus neqativləri, sui-istifadə hallarına şərait yaradan məqamları da var. Belə neqativ hallardan biri də internet sahəsindəki kibercinayətlərdir. Son dövrlər kibercinayətlərin sayı durmadan artmaqdadır. Getdikcə qarşısıalınmaz problemə çevrilən bu məsələ ciddi təhlükələr törətməyə başlayıb. Gündəlik həyatımızı asanlaşdıran texnoloji vasitələr və yeniliklər bəzən ehtiyatsızlıq ucbatından müxtəlif problemlər yarada bilir. Azərbaycanda bu istiqamətdə müxtəlif işlər görülsə də, problemlər hələ də qalmaqdadır. Cəmiyyətin müxtəlif təbəqələrindən olan, müxtəlif peşələrdə çalışan insanlar kibercinayətkarlıqla rastlaşır. Son statistikaya görə, 2021-ci ilin birinci rübündə texnologiya sahəsində kiberinsidentlərin sayı 2020-ci ilin dördüncü rübü ilə müqayisədə 54 faiz artıb. Bəzi ekspertlərə görə, pandemiya ilə əlaqədar olaraq onlayn xidmətlərdən istifadə son dönəmlər kəskin artıb. Əvvəl heç bir onlayn xidmət göstərməyən müəssisələr də bu rejimdə fəaliyyət göstərməyə məcbur olublar. Onlayn xidmətlərdən istifadə edənlərin sayının artması ilə paralel olaraq kiber hücumlar da artmağa başlayıb, dələduzluq imkanları da genişlənib. 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, hüquqşünas Mirakif Babayev “Şərq”ə deyib ki, virtual dünyada xakerlər uzunmüddətli fəaliyyət göstərirlər. Ekspert bildirib ki, müasir zamanda internetsiz həyat təsəvvür edilmir:

“Peşəmizdən asılı olmayaraq hamımız hər gün mütəmadi internetə giririk. Kibercinayətkarlar İP adresimizi, kompüterimizdə olan informasiyaları asanlıqla götürür, yazılaşmalarımızı oxuyur, “email” adresimizə girirlər. Əsasən, onlayn alış-verişə ciddi müdaxilə edirlər. Pandemiya səbəbindən uzun müddətdir ki, alış-verişlər internet üzərindən həyata keçirilir. Onlayn alış-veriş zamanı isə bank kartlarımız qeydiyyata düşür. Kibercinayətlər ələ keçirdikləri bank kartları ilə bizim əvəzimizdən pul çəkirlər. Məsələ ondadır ki, internetlə işləyən əksər insanların bu sahədə bilgiləri çox səthidir. Kibercinayətkarlar da bundan istifadə edir, müəyyən üsullarla insanları şirnikləndirir, adamların işsiz olmasından yararlanırlar. İnternet vasitəsilə asanlıqla pul qazanmağın “yollarını” öyrətdiklərini iddia edirlər. Müxətlif metodlarla bank kartlarının nömrələrini ələ keçirirlər. Telefon və kompüterlərdə çox vaxt təhlükəsizlik kodlarından istifadə edilmir, yaxud əksər hallarda bəsit parollar qoyurlar. Sadə parolları sındırmaq isə asan başa gəlir. Ona görə də xakerlərin işi asanlaşır”. 

M.Babayev vurğulayıb ki, insanlarımızın texnoloji bilikləri yüksəlməlidir:

“Ötən gün oxudum ki, 4 milyard insanın telefon nömrəsi, digər əlaqə vasitələri satışa çıxarılıb. Kibercinayətkarlar bunları qanunsuz yollarla əldə edərək satışa çıxarıblar. Bu sahədə “qarainterner” kimi terminlər peyda olub. Həmin sektorda alqı-satqı prosesləri gedir. Problem odur ki, özümüz haqqında bütün məlumatları başqalarına verən də yenə özümüzük. Feysbuk, instaqram və digər sosial şəbəkələr vasitəsi ilə şəxsi bilgilərimizin əlçatan olmasına şərait yaradırıq. Başa düşməliyik ki, kompüteri, mobil telefonları işlədiriksə, mümkün qədər ehtiyatlı olmalıyıq. Bütün smartfon tipli telefonların içində səsimizi yazan xüsusi qurğular olur. Kompüterlərin vebkamerası bağlı olsa belə yenə də insanları izləmək mümkündür. Texniki avadanlığın daxilində xüsusi çiplər var və onlar haqqında heç vaxt məlumat verilmir. Keçmişdə agenturanın gördüyü işləri indi mobil telefonlar həyata keçirir. Ona görə də həddindən artıq bu sahədə bilgilənmək şərtdir”. 

BDU-nun müəllimi bəyan edib ki, xakerlərin toruna əsasən yaşlı insanlar düşürlər. Cavanların problemi isə başqadır:

“Telefonlarımıza internet üzərindən hansısa proqramı yükləyiriksə, həmin proqramların 80 faizi bizdən informasiya toplayır. Məsələn, adi bloknot proqramı yükləyirsən. Yükləmə zamanı proqram telefonun foto, video, imeyl adresinə və s. yerlərə girmək üçün icazə istəyir. Hətta bəzi prorqamlar redaktə etmək icazəsini də tələb edirlər. Əfsuslar ki, çoxumuz buna diqqət yetirmirik. Tələb olunan şərtləri demək olar ki, oxumuruq. Praktika göstərir ki, 99 faiz istifadəçi heç vaxt proqramların ortaya qoyduğu müqavilə şərtlərinə diqqət yetirmir. Bunu "Maykrasoft" şirkəti özü deyir. Antivirus şirkətləri arasında isə əməlli-başlı “müharibə” gedir. Şirkətlərin özləri bir-birinin əleyhinə cürbəcür viruslar hazırlayırlar. Gün ərzində milyonlarla virusu meydana sürürlər. Bu sahədə güclü mütəxəssislərə ehtiyac var. İnsanları maarifləndirmək lazımdır ki, internetin faydaları ilə yanaşı, xeyli təhlükəli olan zərərləri də mövcuddur. Heç olmasa, ən təməl texniki bilgilərə yiyələnmək vacibdir”.