Deputat:“Ermənistandakı rus hərbçilər sərhədə gəliblər”

“Lakin düşmən bununla da kifayətlənmir”

“İndi də ATƏT-in Minsk Qrupunun digər iki üzvünün- ABŞ və Fransanın hərbi hissələrinin sərhədə gəlməsini tələb edir”

“Halbuki bunun hüquqi əsası yoxdur”


Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur. Azərbaycan ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Millət vəkili Elman Məmmədov düşmənin “şıltaqlığı” barədə “Sherg.az”a danışdı:

“Vaxtaşırı belə təxribatlar olur. Ermənilər Azərbaycan hərbçilərinin onların ərazisinə girdiyini iddia edirlər. Halbuki bu, əsassızdır. Ortada xəritələr var. Sadəcə ermənilər işğal etdikləri torpaqlarımızı son otuz ildir özününküləşdirmişdilər. Başa düşmürdülər ki, nə vaxtsa həmin ərazilərin tarixi sahibləri qayıdacaqlar.

Ona görə də indi torpaqlarımızdan çıxmağı qəbul edə bilmirlər.

Provokasiyaların məqsədi Ermənistandakı rus ordusunun diqqətini çəkmək, KTMT-ni münaqişəyə cəlb etməkdir. Ermənistandakı rus hərbi birləşmələri artıq sərhədə gəliblər.

Lakin düşmən bununla da kifayətlənmir. İndi də ATƏT-in Minsk Qrupunun digər iki üzvünün- ABŞ və Fransanın hərbi hissələrinin sərhədə gəlməsini tələb edir. Halbuki bunun hüquqi əsası yoxdur”.

E.Məmmədov, həmçinin dedi ki, düşmənin təxribatları cavabsız qalmayacaq:

“Fikrimcə, tərəflər arasındakı sərhədlər dəqiqləşdirilməli və Rusiya sülhməramlı missiya yerinə yetirdiyi üçün ədalətli davranmalıdır. Erməni təxribatlarına yüksək səviyyədə cavab verilir və veriləcək. Düşmən bundan nəticə çıxarmalıdır. Bilməlidir ki, qarşısında güclü və sərhədləri keçməyən Azərbaycan ordusu var.

Düşmən təxribatları cavabsız qalmayacaq! Ermənilər sərrast cavablar alacaq, düşmən postları darmadağın ediləcək”.