Bütün problemlərin həlli həmrəylikdən keçir

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

İctimai şuraların vəzifəsi vətəndaş cəmiyyətinin həyatın bütün sahələrinə nəzarətini təmin etməkdir

Dövlət quruculuğunda iştirak edən vətəndaş, eyni zamanda onun hüquqi dövlət olmasına çalışmalıdır. Söhbət təkcə hər bir vətəndaşın qanunların qəbulunda iştirakından getmir. Hərçənd, bu məsələnin özü də müzakirə predmeti ola bilər. Deyək ki, təhsillə bağlı qəbul edilən qanunlarda bu sahədə çalışanların, təhsilalanların rəyinin öyrənilməsi daha effektli qanunların qəbuluna təkan verəcək. Hər hansı sahədəki çətinlik və problemlər məhz o sahənin daxilində olanlara məlumdur. Lakin hüquqi dövlət dedikdə təkcə vətəndaşların qanunların qəbulunda iştirakı deyil, eyni zamanda qanunlara riayət edilməsi, qanunlara hörmətlə yanaşılması da nəzərdə tutulur.

Hüquqi dövlət quruculuğunun vacib seqmentini vətəndaş cəmiyyəti təşkil edir. Son 1 ayda dövlət strukturlarında – nazirlik, agentlik və komitələrdə ictimai şuraların yaradılması sürətləndi. Bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibi təsdiqləndi. ƏƏSMN-də İctimai Şura təcrübəsi artıq neçə ildir ki, mövcuddur. Həmçinin, Ədliyyə Nazirliyi yanında da İctimai Şura illərdir fəaliyyət göstərir və deməliyik ki, media lazımi informasiyaları adətən bu Şuradan əldə edib hər zaman. Xatırlatmaq yerinə düşər ki, qürur mənbəyi olan ordumuz artıq neçə illərdir vətəndaş nəzarətinə açıqdır. Müdafiə Nazirliyi tərəfindən vaxtaşırı təşkil edilən “Açıq qapı” günləri valideynlərin timsalında məhz vətəndaş cəmiyyətinin orduyla sıx təmasını təmin edir. Yəni İctimai Şura ənənəsi var və digər qurumlar da analoji şuralar yaradırlar. Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur. Qanuna müvafiq olaraq artıq Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Bakı Nəqliyyat Agentliyi, “Azəriqaz” ASC, hətta Dənizkənarı Bulvar İdarəsi də İctimai Şura  formalaşdırıb. İctimai şurasız bir nazirlik, komitə demək olar, qalmayıb. Bəs nə edəcək bu şuralar? Vətəndaş cəmiyyəti ilə hüquqi dövləti necə bir araya gətirəcək? 

“İctimai şuralar nə edə bilər” sualına müəyyən cavab Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın bu günlərdə videokonfrans formatında təşkil edilən iclasında verilib. Məlumdur ki, ictimai nəqliyyatdakı bəzi çatışmazlıqlar əhalini narahat edən problemlərdir.  İctimai Şuranın sədri, hüquqşünas Əliməmməd Nuriyev bununla bağlı fikirlərini bildirdi: 

- İclasda ilk növbədə Fəaliyyət Planı layihəsinin müzakirəsi keçirildi. 4 hissədən ibarət olan fəaliyyət planına Bakı Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri üzrə maarifləndirmə, monitorinq və qiymətləndirmə tədbirlərinin təşkili, normativ-hüquqi aktlara zəruri dəyişikliklər, müvafiq mövzular üzrə ictimai dinləmələrin keçirilməsi və digər təşkilati-texniki məsələlər daxildir. Ümumilikdə, tədbirlər planının icrası şəhərin yol-nəqliyyat infrastrukturu, piyada əlçatanlığı və təhlükəsizliyi sahələrində ictimai nəzarət və ictimai iştirakçılığın artırılması məqsədi daşıyır. Şura üzvləri fəaliyyət planını təsdiq etdilər. İclasda yol-nəqliyyat infrastrukturu, qanunsuz parklanma ilə bağlı sorğuların aparılması, şəhərin piyada yönümlülüyü istiqamətində görülən işlər və çatışmazlıqlar da müzakirə edildi.

Müxtəlif təkliflər səsləndi. Həmçinin işıqforların fəaliyyəti, şəhər yollarında sıxlığın yaranması, parklanma yerlərinin sayı, dayanma-durma qaydalarının pozulmasına görə cərimələrin tətbiqi və digər mövzular barədə fikir mübadiləsi aparıldı. İstər BNA yanında fəaliyyət göstərəcək, istərsə də digər nazirlik və komitələrdə yaradılmış ictimai şuraların vəzifəsi vətəndaş cəmiyyətinin həyatın bütün sahələrinə nəzarətini təmin etməkdir.

Nədir bu? Dövlət büdcəsinin vəsaitlərinin xərclənməsi, dövlət orqanlarının və təsisatlarının cari fəaliyyətinə qədər bütün proseslərə dair məlumatların ictimaiyyətə çatdırılması, vətəndaşların qanunların qəbulunda iştirakını təmin etmək, vətəndaşları narahat edən məsələlərin icra orqanlarına çatmasını təmin etmək, həmçinin, problemlərin həllinə nail olmaq. Dövlət təsisatları o zaman güclü və dayanıqlı olur ki, vətəndaş cəmiyyəti prosesdə iştirak edir.

Dövlətin onun yanında olduğunu və hər hansı çətinlik zamanı ona dəstək olacağını bilir, görür. İctimai şuralar bu işin daha effektiv aparılmasına kömək edə bilər. Prosesin sürətlənməsinə və hüquqi dövlət anlayışının daha yaxından qavranılmasına öz töhfəsini verər.