Suvarma problemi bir rayonda, bir kənddə deyil


Son illərdə su təsərrüfatının bərbad idarə olunmasının nəticəsi göz qabağındadır

Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq dünən  rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin verdiyi məlumata görə, rayonun Yuxarı Cürəli və Təzəkənd kənd sakinləri icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək, nəqliyyatın hərəkətinə mane olublar. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqlara riayət etməyən və ictimai asayişi pozan bir neçə rayon sakini polis şöbəsinə gətirilib. Digər sakinlər isə problemlə əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri tərəfindən qəbul edilib. Onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür.

Yaranmış problemlə əlaqədar “Azərsu” ASC-yə müraciət etdik. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı “Şərq”ə açıqlamasında baş vermiş hadisə ilə bağlı məlumatlı olduqlarını bildirdi:  

- Rayon rəhbərliyi ilə əlaqə saxlamışıq. Həmin kəndlərdəki modul qurğulara hazırda maşınlarla suyun daşınması həyata keçirilir. Problem içməli su problemi deyil. Suvarma ilə bağlıdır. Bu məsələyə də Meliorasiya və Su Təsərrüfatı ASC baxır. 

“Altay” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin ölkəni fəlakətə sürüklədiyini dedi: 

- Suvarma problemi təkcə bir rayonda, bir-iki kənddə deyil. Əksər bölgələrdə eyni vəziyyətdir. Konkret Tovuz rayonunda içməli su problemi də var, suvarma problemi də. Biz bu rayona bələdik, vəziyyət necədir, bilirik. Problem 1-2 kəndlə məhdudlaşmır. Fundamental problemdi. Son illərdə su təsərrüfatının bərbad idarə olunmasının nəticəsi göz qabağındadır. Dövlət büdcəsindən ən çox vəsait su təsərrüfatlarına ayrılır, lakin bu vəsaitin hara, necə xərcləndiyi bilinmir. Suvarma ilə bağlı vəziyyət bu gün bazardakı qiymətlərdə özünü göstərir. Dünyanın o başından ölkəyə idxal olunan bananın kiloqramı 1 manat 20 qəpikdir, amma mövsümə uyğun yerli meyvələrin kilosu 3-4 manat. İndi görün, aqrar sektor hansı şəklə salınıb. Kəndli əkin sahəsini, bostanını, meyvə ağaclarını suvara bilmir deyə, əkib-becərməkdən əl çəkib. Əkin-biçinlə məşğul olan ancaq iri məmurlardır, hansı ki, hektarlarla əraziləri mənimsəyiblər, su təsərrüfatları da suyu ancaq onların əkinlərinə, bağ-bağatlarına yönləndirir. Yerdə qalanlar qırılıb-batır. Ona görə də kəndlilər etiraz edir. Yayın ortasında ağacları suvarmağa su tapmamaq nə deməkdir? Bunun nəticəsi qarşıdakı illərdə daha dəhşətli formada özünü göstərəcək. Bazarlarda illərdir ki, qiymət bahalaşması yüksələn xətt üzrə gedir. Monopoliya davam edir, bahalaşma davam edir. Ərzaq təhlükəsizliyimiz təhdid altındadır. Yerli sakinlər qazanc əldə edə bilmədiklərindən əkib-becərməkdən imtina edir. Bütün bunlar sosial narazılıqlara səbəb olur. Son nəticədə idxaldan asılı ölkəyə çevriləcəyik. Bizi gözləyən təhlükənin qarşısını almaq üçün su təsərrüfatına cavabdeh qurumlar “sökülüb, yenidən yığılmalıdır”. Normal  mütəxəssis dəvət etsinlər, su təsərrüfatını yenidən qursunlar.