MİQ imtahanı ilə bağlı narazılıqlar çoxdur

Namizədlərdən bir nəfər də razı qalmayıb

Riyaziyyat imtahanında istifadə edilən suallar vaxta görə hesablanmayıb

Hətta narazılıq o vəziyyətə gəlib ki, Təhsil naziri Emin Əmrullayev öz sosial şəbəkəsində məsələyə müdaxilə edib


Təhsil Nazirliyi Müəllimlərin İşə Qəbul İmtahanlarında (MİQ) istifadə edilən suallarla bağlı müəllimlərin narazılıqlarına münasibət bildirib. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bununla bağlı bildirib ki, 5 iyul tarixindən etibarən baş tutmuş müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5,040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi, diskriminasiya əmsalı təhlil edilib.

Qeyd olunub ki, 12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək.

Təhsil eksperti Elşən Ramizoğlu "Şərq"ə MİQ-dən istifadə edilmiş suallarla bağlı danışıb. O qeyd edib ki, bu il xüsusən riyaziyyat fənnindən olan suallar çətin olub:

"Riyaziyyat imtahanında istifadə edilən suallar vaxta görə hesablanmayıb. Yəni verilən vaxt ərzində bu sualların cavablandırılması ehtimalı çox azdır. Azərbaycan dili-ədəbiyyat fənni üzrə imtahan verən namizədlərdən bir nəfər də olsa razı qalmayıb. Hətta narazılıq o vəziyyətə gəlib ki, Təhsil naziri Emin Əmrullayev öz sosial şəbəkəsində məsələyə müdaxilə edib. Təbii ki, bu məsələni bu cür vəziyyətə gətirmək lazım deyildi. Bu yaxınlarda sual hazırlanmasında iştirak edən rəsmi şəxsin səsi yayılıb. Şəxs deyir ki, bu cür müəllimlərin kəsilməsi elə yaxşıdır. Vətəndaşın haqlı şikayətinə qarşı bu cür aqressiv irad bildirmək heç də doğru deyil. Namizədlərin hər biri qeyd edir ki, sualların çətinlik səviyyəsi MİQ imtahanına uyğun deyil". 

Təhsil eksperti əlavə edib ki, verilən suallar imtahana hazırlaşan namizədlərin oxuduğu materiallarla tərs-mütənasibdir:

"Müəllimlərin işə qəbul imtahanı ilə bağlı narazılıq çoxdur. Sözsüz ki, vətəndaşın hamısı şikayətinin həllinə nail olmayacaq. Qismət deyək, şans deyək, bəxt deyək, nə deyək bilmirəm, daha söz tapmaq çox çətindir. Deməyimin də bir faydası olduğunu da hesab etmirəm. Qeyd edim ki, bu günləri kurikulum üçün vahid bir kitab yoxdur. Namizəd hansı materialdan istifadə etməlidir? Hər dəfə bir kitab çıxır. Maraqlıdır, bütün bu sualların mənbəyi hardandır? Kim hardan hazırlaşmalıdır? Çox təəssüf ki, bu sualların cavabını illərdir ki, tapa bilmirik".