Heç kim biganə qala bilməz

DİN xadimlərinin peyvənd olunması şərtdir

Belə olarsa məscidlərdə dini ayinlərin icrası mümkündür


Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası tövsiyə yayıb. Bu barədə  QMİ-nin mətbuat xidmətindən məlumat verilib. QMİ Qazılar Şurası bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir insanın borcudur. Zamanında vəba epidemiyası haqqında Peyğəmbərimiz Hz.Məhəmməd belə buyurub: “Vəbanın olduğu yerə getməyin, əgər vəbanın olduğu yerdəsinizsə, oradan çıxmayın”. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul və mükəlləfdir.

Mövzu ilə bağlı ilahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlama verib. O qeyd edib ki, "COVİD-19" xəstəliyinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə din xadimlərinin peyvənd edilməsinə müsbət baxır:

"Çünki vaksinasiya insanların xəstəliyə tutulma riskini azaldır. Digər bir tərəfdən başa düşmək lazımdır ki, bütün dünya bu gün bunu tələb edir, eləcə də bizim ölkədə. Qeyd edim ki, islam dini insanın öz sağlamlığı qayğısına qalmasını imanın bir parçası kimi qəbul edir. Bir sıra alimlərin və müasir islamşünasların rəyinə görə, "Qurani-Kərim"in sağlamlıq barəsində əsas prinsipi müalicə ilə yanaşı, insanı mühafizə etmək, onun sağlamlığını qorumaqdır.

Sağlamlığı qorumağa isə bir sıra gigiyenik təlimatlar, o cümlədən, normal qidalanma, zərərli ərzaqlardan və yoluxucu xəstəliklərdən qorunma məsləhətləri də daxildir. İnsanın sağlamlığına qarşı bu qədər həssas və ciddi olan bir dini sistem kimi, islam tibbi məsələlərin həm əxlaqi, həm də hüquqi baxımdan düzgün uzlaşdırılmasını daim diqqətdə saxlayıb.

Buna görə hamımız edilən tələblərə riayət etməklə, az da olsa bu bəladan qurtarmağa cəhd edə bilərik. Çünki dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Qeyd edim ki, dünyanın aparıcı dini mərkəzləri vaksinin istifadəsini məqbul hesab edir və zəmanənin bəlasına çevrilmiş xəstəliklə mübarizədə təsirli vasitə kimi tövsiyə edirlər". 

İlahiyyatçı diqqətə çatdırıb ki, məscidlərdə birbaşa dini ayinlərin icrası ilə məşğul olan bir çox ilahiyyatçılar artıq peyvənd vurdurublar:

"Həmçinin, dini inanclı insanların bir çoxu ibadətlərinin yerinə yetirilməsi və məscidlərə rahat daxil olmaları üçün peyvənd olunublar. Bununla bağlı hətta pasportlarını da əldə ediblər. Ancaq bəzi inanclı insanların "COVİD" pasportu olmadığına görə, dini ibadət yerlərinə daxil olarkən narazılıqlar yaranır. Və din xadimləri peyvəndi həmin şəxslərə tövsiyə edir".