Niyə məhz Kəlbəcər?

Azərbaycanın siyasi-hərbi-ideoloji gücü bir daha sınağa çəkilir

"Rayon strateji cəhətdən Qarabağın “arxa qapısı” sayılır. Kəlbəcər birmənalı şəkildə Azərbaycanın nəzarətinə keçəndən sonra Qarabağın ikinci yolu bağlanmış oldu"


Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində diversiya-təxribat əməlləri törətməsi və atəşkəsi pozması adi hal alıb. İyun-iyul ayları ərzində düşmən qüvvələrin törətdiyi 15 təxribatdan 12-si Kəlbəcər istiqamətində olub. Təxribatlar hələ də davam etməkdədir. Ermənistan Müdafiə Nazirliyi 3 hərbçisinin öldüyünü, 2 əsgərin yaralandığını və digər iki nəfərin itkin düşdüyünü açıqlayıb. Ermənistanın məhz Kəlbəcəri hədəf seçməsi ilə bağlı müxtəlif rəylər irəli sürülür. Bu, daha çox Kəlbəcər rayonunun strateji mövqeyə malik olması ilə əlaqələndirilir. Ermənistanla Dağlıq Qarabağın keçmiş Ağdərə rayonunun ermənilər yaşayan hissəsini birləşdirən yol Kəlbəcərdən keçir.

Lakin ermənilərin planları təkcə bununla bitmir. Ekspertlərin rəyinə görə, ermənilərin məqsədi Ağdərə-Tərtər-Goranboy-Gəncə dəhlizi adlanan yolu ələ keçirməkdir. Bu ideyanın əsl müəllifi isə Rusiyadır. Ermənistanın hər gün Kəlbəcərdəki Azərbaycan mövqelərini atəşə tutması və ya təxribatçı basqınlar törətməsi də məhz bu niyyətə xidmət edir. Digər ehtimallara görə, ermənilər Azərbaycanla sərhəddə gərginliyin yaranmasında Kəlbəcərə hücum məqsədilə istifadə edirlər. Prezident İlham Əliyevin iyul ayının 20-də Moskva səfəri və dövlət başçısı Vladimir Putinlə mühüm görüşü Ermənistanın Qarabağla bağlı bütün ümidlərinin üstündən xətt çəkib. Ermənistan başa düşür ki, gələcəkdə Xankəndini öz əhatə dairəsində saxlaya bilməyəcək.
Hər kəsə yaxşı məlumdur ki, 44 günlük Vətən savaşı başlamasaydı, Ermənistan Kəlbəcəri işğalda saxlamağa davam edəcəkdi. Baxmayaraq ki, bu 30 il ərzində daima danışıqlar prosesində 5+2 formuluna uyğun Kəlbəcərin işğaldan azad olunması tələb olunub. Lakin erməni tərəfi Qarabağətrafı rayonları heç vaxt öz xoşuna azad etmək niyyətində olmayıb. Ermənilər Qarabağ münaqişəsinə qədər də strateji əhəmiyyətli və faydalı qazıntılarla zəngin Kəlbəcərə iddia edirdilər. Ötən əsrin 70-ci illərində Moskvadakı ermənilər Kəlbəcər əhalisinin aran rayonlarına köçürülməsi və rayondan yalnız yaylaq kimi istifadə olunması kimi məsləhətlər verirdilər. Ermənistan Kəlbəcərin azərbaycanlı əhalisini uzaqlara yerləşdirmək və gələcəkdə Kəlbəcəri “özününküləşdirmək” məqsədi güdürdü. Kəlbəcər Azərbaycanın ən yüksək zirvəsində yerləşir və Ermənistanla sərhəd olduğundan bir qala qapısı hesab olunur. Onu qorumaq bütövlükdə Azərbaycanı qorumaq deməkdir. 



Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, Kəlbəcər istiqamətində atəşkəsin pozulması Azərbaycanın siyasi-hərbi-ideoloji gücünü bir daha sınağa çəkməkdir. Politoloqun sözlərinə görə, Kəlbəcər istiqamətindəki təxribatlar Azərbaycan üzərində yenidən eksperiment aparmaq cəhdidir:

“Bu eksperiment həm Rusiya, həm də Qərb ölkələri – ABŞ və Fransa üçün maraqlıdır. Niyə məhz Kəlbəcər? Kəlbəcər bir neçə amilə görə təxribatların hədəfinə çevrilir. Rayon strateji cəhətdən Qarabağın “arxa qapısı” sayılır. Kəlbəcər birmənalı şəkildə Azərbaycanın nəzarətinə keçəndən sonra Qarabağın ikinci yolu bağlanmış oldu. Yeganə yol hələlik Laçın dəhlizidir. Həmçinin, Kəlbəcərin yaxın olduğu bölgələrdə də tarixən türklər yaşayıb. Göyçə mahalında heç vaxt ermənilər olmayıb. Basarkeçərdə, Göyçə gölü ətrafında təmiz türklər yaşayıblar. Erməniləri narahat edən təkcə Söyüdlü (Zod –red) yatağı, Kəlbəcərin strateji mövqeyi, rayon ərazisinin genişliyi, təsərrüfat imkanlarının çoxluğu deyil. Kəlbəcər Azərbaycanın yaxın gələcəkdə hərbi müstəvidə mühüm addımlar atacağı bir sərhəd rayonudur. Bu isə Dilican dərəsinə bütün tarixi ərazilərimizi bu və ya digər formada nəzarətdə saxlamaq deməkdir”. 

Professor bildirib ki, Kəlbəcər həm də Laçın üçün arxa-dayaqdır:

“Laçın dəhlizi ilkin razılaşmaya görə, 5 il rus sülhməramlılarının nəzarətində olacaq. Laçının 50-dən çox kəndinin təminatı Kəlbəcərdən çəkilən yol vasitəsi ilə həyata keçiriləcək. Bu rayon Qarabağın tam mənası ilə nəzarətimizə keçməsi üçün bir meydança rolunu oynayır. Biz bu meydançadan hərbi-siyasi istiqamətlərdə uğurla yararlanırıq. Ermənistan tərəfi bunu dərk etdiyi üçün Kəlbəcər istiqamətində gərginliyi saxlamağa, görüləcək işləri yubatmağa çalışır. Burada böyük dövlətlərin də siyasi-iqtisadi maraqları kəsişir. Şübhəsiz, İrəvanın cəhdləri nəticəsizdir. Azərbaycan Ordusu düşmənin hər təxribatına layiqli cavab verir. Sərhəd rayonlarımız tam şəkildə nəzarətə götürülüb və orada ordumuz möhkəmlənib. Artıq sərhəd məntəqələrinin qurulması gündəmdədir və müzakirə olunur”. 



AMİP funksioneri, politoloq Əli Orucov da “Şərq”ə bəyan edib ki, Ermənistan heç vaxt bölgədə sülhün və təhlükəsizliyin qorunmasına, sabitliyin yaranmasına imkan verməyib və bundan sonra da verməyəcək. Analitik bildirib ki, erməni təxribatının arxasında Moskva və Paris dayanır:

“Kəlbəcər tərəfdən atəşə məruz qalmağımız təsadüfi deyil. Bildiyiniz kimi həmin bölgə faydalı yataqlarla zəngindir. Eyni zamanda strateji əhəmiyyət daşıyır. Qələbəyə kimi ermənilər yataqların qanunsuz istismarından milyardlarla vəsait qazanıblar. Digər tərəfdən Zəngəzur dəhlizi məsələsi ilə küncə sıxışdırılan Ermənistan hər vəchlə bu dəhlizin açılmasını əngəllmək, əlavə güzəştlər qoparmaq ümidindədir. Hakimiyyətini qorumaqda çətinlik çəkən Paşinyan mövqelərimizi atəşə tutmaqla daxili gərginliyi nisbətən azaltmağa çalışır. Guya, itirilmiş ərazilərin qaytarılması “mübarizəsi” gedir. Amma cənab Prezidentin dediyi kimi Paşinyanın çox az vaxtı var. Əgər Azərbaycanın diktə etdiyi sülh sazişi bağlanmazsa nəticələr çox ağır ola bilər”. 

Ə.Orucov Paşinyana tabeçilik göstərməyən hərbi elitanın sabotajla məşğul olma ehtimalını da gözardı etməyib:

“İstənilən halda Kəlbəcərdə möhkəmlənməyimiz ermənilərin yuxusunu qaçırıb. Coğrafi nöqteyi-nəzərdən bu bölgədən Ermənistanın böyük hissəsini nəzarət altında saxlamaq mümkündür”.