“Paşinyan yekun sazişə imza atmalı olacaq” - AKTUAL

“Azərbaycanla Ermənistan arasında Qarabağ üzərindən 30 il ərzində sərhəd olmayıb. Ermənistan torpaqlarımızın işğalından istifadə edərək illər boyu Azərbaycanın içərilərinə doğru irəliləyib, torpaqlarımıza yollar çəkib, mədənlər işlədib, heyvanlarını otarıb və s”.
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu 44 günlük müharibədən sonra sərhədlərdə mövqelərini möhkəmləndirir:

"Beləcə Ermənistanın qanunsuz ələ keçirdiyi gölü, yolları, mədənləri, su və elektrik xətlərini itirir. Bu, onlar üçün ağrılı prosesdir, ona görə atəş açırlar. Ermənistanın baş naziri Nikol Paşinyan müharibə dövründə olduğu kimi, sərhəddə də xalqına müqavimət göstərdiyini göstərməyə çalışır, ancaq itirə-itirə getdiyinə görə sonda 10 noyabr razılaşmasına bənzər sazişə imza atmalı olacaq. Bizim işimiz isə həmin saziş imzalanana qədər bizə aid olanları geri qaytarmaqdır. Digər tərəfdən, bu işi soyuqlar düşənədək bitirmək məcburiyyətindəyik”.