Sevda Əliqızı Səməd Səmədovdan danışdı: "Xırıltı ilə..."

Müğənni Sevda Əliqızı “Səhər-səhər” proqramında yaxın günlərdə koronadan dünyasını dəyişən həmkarı, illərdir birgə çalışdığı Səməd Səmədovdan danışıb.
“Sherg.az” xəbər verir ki, o, mərhumun xəstələnməsini məclislərdən birində eşitdiyini söyləyib:
“Mənim üçün çox ağırdır. İki gün əvvəl Turalla ev şənliyində rastlaşdıq. O dedi ki, Sevda xanım, Səməd müəllim  koronadır. İnanmaq istəmədim, o qədər pozitiv insan  idi ki, xəstələnməyi ona yaraşdırmadım. Zəng etdim, danışdıq. Xırıltı ilə, təngənəfəs danışırdı . Soruşdum ki, nə olub sənə? Dedi, Seva, koronaya yoluxmuşam.  Söylədim ki, fikir etmə, buna da qalib gələcəksən, dualarım səninlədir. Dedim  ki, dincəl, sabah danışarıq. İmkan olmadı. Saat 5-də dünyasını dəyişib, 6-da  mənə xəbər verdilər. Özümə yer tapa bilmirəm. Yazırlar, zəng edirlər, cavab verməyə halım yoxdur. Onun qəfil gedişi məni yandırdı. On beş il az müddət deyil, ondan da qabaq ailə dostu idik. Ağzı göyçək adamlar qınayırlar ki, bundan əvvəl belə, elə idi. Sənətlə dostluq başqadır. Biz daim dostluq edirdik. Hətta  yaxın zamanda həyat yoldaşı yazdı ki, Səmədlə duetlərinizi göndər.  Söylədim ki, hamısı “YouTube”də var. Cavab verdi ki, yükləyə bilmirəm, sən göndər. Atdım, sonra İnstaqramda paylaşdı.  Hələ də özümə gələ bilmirəm. Şokdayam” .

Sənətçi deyib ki, S.Səmədovla yenidən duet oxumaq fikirləri olub:

“Bir ay əvvəl efirdə ona bizim haqda sual ünvanladılar ki, Sevda xanımla təkrar duet oxuya bilərsinizmi? O da ərkyana söylədi ki, ağzı nədir oxumasın.  Çox adam zəng etdi ki, bu nə deməkdir niyə belə söyləyib? Mən də dedim ki, söyləyib də, biz illərlə birgə çalışmışıq, xasiyyətlərimizə bələdik, deyə bilər. Özü zəng etdi ki, verilişə baxdın? Dedim, hə. Sonra da söylədi ki, bizə söz atanların acığına bir-iki mahnı oxuyaq. Bildirdim ki, əməliyyatdan çıxmışam. Bir az keçsin, bu barədə danışarıq. İnsanları istəyirlər bir-birləri ilə düşmən etsinlər. Düzdür biz düşmən olmadıq, sadəcə incimişdik. Keçdi, getdi. Səmədin 15 illik üstümdə olan əziyyətini itirə bilmərəm”.