Ən ideal yol:“Azərbaycan məsələni hərbi gücü ilə həll etməlidir”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Qarabağla bağlı vəziyyətdən danışıb. O, bildirib ki, həm Azərbaycanla, həm də Ermənistanla yaxın münasibətləri olan Rusiya bu ölkələr arasındakı sərhədə, habelə sülhməramlı qüvvələrimizin yerləşdiyi Qarabağda olan vəziyyətə xüsusi diqqət yetirir. Rusiya sabitliyin qorunmasına, dinc həyatın bərpasına, o cümlədən qaçqınların qaytarılmasına, cəsədlərin qarşılıqlı şəkildə təhvil verilməsinə mühüm töhfə verməyə davam edir. Bakı ilə İrəvan arasında etimad tədbirlərinə dəstək verir, KTMT, BMT, UNESCO missiyalarının bölgəyə gəlişini təmin etmək üçün çalışırıq.


Həmçinin Rusiya XİN-in Qarabağda gərginliyin artmasını narahatlıqla qarşıladığı diqqətə çatdırılıb: “Bunlar dialoqu yoluna qoymağa mane olur, iki ölkənin əsassız itkilərinə səbəb olur. Yeri gəlmişkən, sərhəddəki insident zamanı həlak olanların yaxınlarına başsağlığı vermək istərdik. Bu kimi məsələlər yalnız siyasi yollarla həll olunmalıdır. Vacib məqam sərt bəyanatlardan vaz keçməkdir. Əminik ki, gərginliyi azaltmağın etibarlı yolu sərhədlərin təcili olaraq delimitasiyasına başlamaq, sonra isə demarkasiyasını həyata keçirməkdir. Rusiya tərəfi dialoq üçün bir sıra sənədlər hazırlayıb”.
Azərbaycan, Ermənistan, Rusiya liderlərinin görüşlərini şərh edən Zaxarova aparılan danışıqlarda regiondakı vəziyyətin əsas yer tutduğunu vurğulayıb. O deyib ki, ölkə rəhbərləri ən əlverişli həll variantlarını tapmaq əzmində olduqlarını, qan tökülməsinə son qoymuş razılaşmaları ardıcıl və hərtərəfli şəkildə yerinə yetirməyə tam sadiq olduqlarını bildiriblər.

Bundan əlavə, bir neçə dəfə müzakirələr aparmış üçtərəfli işçi qrupun fəaliyyətinə də diqqət yetirilib: “İşçi qrupun yaxın vaxtlarda iclaslarına davam edəcəyinə inanırıq. Bu da həm Azərbaycanın, həm Ermənistanın, bütövlükdə Cənubi Qafqazın mənafeyinə uyğun olacaq birgə infrastruktur layihələrinin mərhələli şəkildə icrasına başlamaq imkanı yarada bilər”.

Millət vəkili, MCP sədri Razi Nurullayev “Sherg.az” a açıqlamasında Moskvanın səmimiliyinə inandığını bildirdi: 

“Sərhədlərin müəyyənləşməsi Rusiyanın da marağındadır. Çünki sülhməramlı missiya daşıyır. Məsələnin həllini tapmaması Kremlin bu missyasına kölgə salacaq. Onsuz da Rusiyanın ayrı-ayrı yerlərdəki sülhməramlı missiyası fiaskoya uğrayıb və bu, dünya ictimaiyyətinin qınağına səbəb olub. Rusiya, həmçinin Zəngəzur dəhlizinin açılmasını da istəyir.

Bu, nəqliyyat dəhlizinin genişlənməsi deməkdir. Gürcüstan nəqliyyat dəhlizinin genişlənməsi şimal qonşumuzun ürəyincə deyil. Onu da bildirim ki, son vaxtlar Ermənistanla Avropa Birliyi arasında münasibətlər istiləşməkdədir.

Avropa Birliyi düşmənə 2.6 milyard, bizə cəmi 150 milyon vəsait ayırdı. Ermənistanın tədricən Rusiyanın orbitindən çıxması şimal qonşumuzu narahat etməkdədir. İrəvan ikili oynadığına görə Moskva ona tam güvənmir”.

R.Nurullayevin fikrincə, üçtərəfli proseslərdə İrəvan təklənib:
 
“Sərhədlərin dəqiq müəyyənləşməsi ilə bağlı Bakı və Moskvanın mövqeyi üst-üstə düşür. Ermənistan isə buna əngəl törədir, pozuculuq fəaliyyəti ilə məşğul olur. Odur ki, Rusiya nə sözü varsa, Ermənistana deməlidir.

Lakin Rusiyanın ciddi təzyiq edəcəyinə inanmıram. Çünki düşmən özünü uşaq kimi aparır. Və Moskvanın sərt ritorikası İrəvanın “küsməsinə”, uzaqlaşmasına səbəb ola bilər.

Kreml bunu istəmir. Ona görə də ən ideal yol Azərbaycanın hərbi gücü hesabına məsələni həll etməsidir”.