“...ABŞ Ermənistanı sülh anlaşması imzalamağa çağırmalıdır”

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, gecə saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 Millət vəkili Sahib Alıyev düşmənin “nadinciliyini” “Sherg.az”a şərh etdi: 

“Düşmən Basarkeçərin etnik təmizləmə apardığı kəndlərindən birindən-Yuxarı Şorcadan Kəlbəcərdəki mövqelərimizi yenə atəşə tutub. Tutub və öncəki günlər olduğu kimi susdurulub. Oxuyuram ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Azərbaycanla Ermənistanı atəşi dayandırmağa, sərhəddə gərginliyi azaltmağa və Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi altında danışıqlara başlamağa çağırıb.

Cənab Praysın fikrincə,  ancaq yerdə qalan məsələlərin hərtərəfli həlli iki ölkə arasında əlaqələri normallaşdıra və region əhalisinin sülh içində yaşamasına imkan verərdi.

"Yerdə qalan məsələlərin" arasında azərbaycanlıların  mövqelərimizin atəşə tutulduğu Basarkeçər daxil indi Ermənistan adlanan ölkədəki öz doğma yurd yerlərinə qayıtması da varsa, Dövlət Departamentinə beynəlxalq normalara sayğısından dolayı təşəkkür düşür.

Minsk Qrupu həmsədrlərinin vasitəçilik məsələsinə gəldikdə isə keçmişin təcrübəsi göstərir ki, həmin dövlətlər 28 ildə məsələnin həllindən daha çox ancaq  ondan öz maraqları baxımından necə faydalanmağı düşünüblər.

Ona görə də ABŞ  regionda, doğrudan da, vəziyyətin normallaşmasını istəyirsə, onda Azərbaycan Prezidentinin bununla bağlı beynəlxalq hüquqa əsaslanan təklifini dəstəkləməli, Ermənistanı sərhədlərin toxunulmazlığını tanımağa, sülh anlaşması imzalamağa  çağırmalıdır”.