Atəş nöqtələri susdurulur: “Ordumuz tapşırıqları yerinə yetirəcək”

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirib. Nazir dünən ABŞ-ın Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.
Z.Həsənov azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq baş verən insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Bu, o deməkdir ki, bundan sonrasını İrəvan düşünməlidir. Başına nə gələcəksə, öz axmaqlığına, “nadinciliyinə” və “şıltaqlığına” görə gələcək.



“Sherg.az” olaraq ehtiyatda olan polkovnik Şair Ramaldanovla sərhəddəki son durumu müzakirə etdik:

- Zakir Həsənovun sözügedən açıqlamasını necə qiymətləndirirsiniz?

- Prezident, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi bizim başqasının, o cümlədən Ermənistanın torpağında gözümüz yoxdur. Azərbaycan işğalçı ölkə deyil. Sadəcə biz 1976-cı ilin xəritələrinə əsasən dövlət sərhədlərimizi müəyyənləşdiririk. Və bu, düşmənin xoşuna gəlmir. Çünki ermənilər ötən otuz il ərzində oralarda məskunlaşmış, təsərrüfat yaratmışdılar.

- Təxribatların məhz Kəlbəcər istiqamətində törədilməsi nə ilə bağlıdır?

- Orada Zond qızıl yayağı var. Xəritəyə əsasən həmin mədənlər bizə düşür. Bu isə indiyədək qızıl yatağından qanunsuz yararlanan Ermənistanı narahat edir.

- Proseslərin gələcək inkişafı necə olacaq?

- Otuz il ərzində atəşkəs olsa da, Ermənistan buna əməl etmirdi. İndi isə dövlət sərhədləri bərpa olunur. Əslində post-müharibə dövründə təxribatlar gözlənilən idi. Çünki Ermənistan dövlət sərhədlərimizin bərpa olunmasına qısqanclıqla yanaşa bilməzdi. Lakin narahatlığa əsas yoxdur. Ordumuzun təminatı, hazırlığı yüksək səviyyədədir. Lazım olsa, dövlət sərhəddini keçməmək şərti ilə, əz ərazimizdə növbəti anti-terror əməliyyatını keçirəcəyik. Lakin dediyim kimi, bizim başqasının torpağında gözümüz yoxdur. İstənilən halda Azərbaycan ordusu qarşıya qoyulan tapşırığı yerinə yetirəcək, dövlət sərhədlərimizi bərpa edəcək. Hazırda atəş nöqtələri susdurulur. Düşmən itkilər verməkdədir. Zənnimcə, bu, çox keçmədən daxildə yeni narazılıq yaradacaq.

- Yekun sülh müqaviləsinin imzalanması barədə nə düşünürsünüz?

- Məncə, bu, yaxın zamanda olacaq. Sülh üçün mexanizm hazırlanmaqdadır. Zəngəzur dəhlizinin açılması ilə yekun sülh də imzalanacaq.

- Məgər düşmən bu məsələdə konstuktiv mövqe sərgiləyir?

- Erməni xalqı başa düşür ki, Zəngəzur dəhlizinin açılması ən çox onların özlərinə lazımdır. Cəmiyyət sülh istəyir. Əli qana batmış Robert Köçəryanın yox, daha loyal siyasət yeridən və reytinqi çox az olan Paşinyanın seçkilərdə qalib gəlməsi heç də təsadüfi deyil. Bu, sosial sifariş idi.