Şentop haqlıdır!- “...Arzularımız gerçəkləşir”

“Türkiyə Orta Asiyadakı bütün türk dövlətlərinin müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Eyni zamanda, həmin ölkələrlə ilk diplomatik əlaqələr quran, səfirliklər açan da biz olmuşuq. Hər zaman dostluq və qardaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi üçün bütün addımları atırıq”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şuşada jurnalistlərə açıqlamasında deyib.

 TBMM sədri bildirib ki, Azərbaycan və Türkiyə arasındakı əlaqənin dünyada heç bir bənzəri yoxdur:

“Bunu mərhum ulu öndər Heydər Əliyev “bir millət, iki dövlət” kəlamı ilə çox gözəl ifadə edib. Təbii ki, bu fikrin təkcə şüardan ibarət olmadığını hamı gördü. Ən son 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi maddi və mənəvi dəstək həmin sözün gerçəkliyini bir daha sübut etmiş oldu. Təxminən bir ay əvvəl Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi dövlətlərarası əlaqəli çox yüksək nöqtəyə daşıdı”.

Türkoloq alim, professor Firudin Cəlilovun “Sherg.az”a açıqlamasına görə, Şentop söylədiklərində kifayət qədər haqlıdır:

“Məsələn, Anadolunun yarısına qədər gedəndə görürük ki, bizim dildə danışırlar. Türklərlə eyni xalq, dil və dinə mənsubuq.

Ona görə də aramızdakı qardaşlıq münasibətləri bütün dünyaya bəllidir.10 il öncə belə bir təklif vermişdim ki, Azərbaycanla Türkiyə mütləq konfederativ dövlət olmalıdır. Yəni hər iki ölkənin vahid pulu, təhsil sistemi olmalıdır. Günü-gündən isə arzularımız gerçəkləşir.

Xüsusilə 44 günlük müharibə vaxtı xalqımız gördü ki, Türkiyə yanımızdadır. Bütün bunları nəzərə alanda əlbəttə, Türkiyə ilə Azərbaycan sözün həqiqi mənasında qardaş ölkədir. İstərdim ki, qardaşımızla bir az da yaxın olaq.
Bu yaxınlıq özünü hər məqamda göstərməlidir. Məsələn, ortaq səhiyyədə, təhsildə və.s. Hər cür şərait yaradıb bu yaxınlığı, qardaşlığı daha da dərinləşdirmək lazımdır”.