“ABŞ-la münasibətlərimiz Fransa ilə olduğu kimi deyil”- ŞƏRH

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər bölgədə mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların həlli ilə bağlı məsələləri müzakirə ediblər. İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb. Nazir Ceyhun Bayramov iki ölkə sərhədində baş verən gərginliklər, xüsusilə də son günlərdə Ermənistan tərəfindən təxribatlara əl atılması, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və nəticədə 23 iyul tarixində Azərbaycanın bir hərbi qulluqçusunun şəhid olması, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralanması barədə qarşı tərəfə məlumat verib. Azərbaycan tərəfinin bu təxribatlara cavab olaraq müvafiq tədbirlər gördüyü və sərhəd mövqelərimizi müdafiə etdiyi qeyd olunub. Nazir Azərbaycanın vəziyyətin gərginləşməsində maraqlı olmadığını və bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov Ermənistanın məsuliyyətini dərk etməsinin və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

 Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli sözügedən telefon danışığının fonunda Azərbaycan- ABŞ münasibətlərini “Sherg.az”a şərh etdi:

“Qərb son vaxtlar fəallaşıb. Bu o deməkdir ki, əlaqələrə yenidən baxmalıyıq. Lakin bizim ABŞ-la münasibətlərimiz Fransa ilə olduğu kimi deyil. Azərbaycan diaspor və lobbisi ABŞ-dakı ştatlarla ciddi iş qurub. Bu günlərdə Oklahoma ştatının qubernatoru Kevin Stittinin prezident İlham Əliyevə kovboy papağı hədiyyə etməsi əlaqələrimizin təzahürüdür. Ümumiyyətlə, Bakının ABŞ-la bağlı xarici siyasətinin əsas prioritetləri Azərbaycan həqiqətlərinin tanıdılmasına dair qarşılıqlı işlərin görülməsi və ştatlarla əlaqələrdir. ABŞ Cənubi Qafqazda xüsusilə anti-rus mövqeyini gücləndirməkdən ötrü bölgəyə gəlmək istəyir. Bunu siyasi sabitlik olmayan Ermənistan vasitəsilə etməsi bir qədər təhlükəlidir. Lakin ABŞ-la kifayət qədər yaxşı münasibətlər yaratmaq üçün potensialımız var. Bu, gələcəkdə Senatda əleyhimizə hansısa qərarların qəbul edilməsinin qarşısını alacaq”.