“Türkiyə S-400-lərdən öncə “Patriot” almaq istəyirdi, amma...”

“Amerika da bu silahları Türkiyəyə satmaqdan imtina edirdi”

“Ona görə də Rusiya ilə Türkiyə arasında belə bir razılıq oldu”

“Bu əməkdaşlıq səmimi münasibətlər üzərində davam edərsə, ən çox qazanan biz olacağıq”


“S-400 məsələsi də daxil olmaqla Rusiya ilə hərbi-texniki əməkdaşlıq Türkiyənin ehtiyaclarını təmin edir, buna görə də əməkdaşlığımız davam edəcək”.Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mücahit Küçükyılmaz deyib. “S-400 məsələsində mövqeyimiz həmişə son dərəcə açıq olub. S-400 haqqında ictimaiyyətə dediklərimiz həqiqətən düşündüklərimizdir. İstər Qərb ölkələri, istərsə də Rusiya ilə danışıqlar zamanı mövzu barədə qeyd etdiyimiz detallar qüvvədə qalır”, - deyə o bildirib.

AĞ Partiya başqanı Tural Abbaslı “Sherg.az”a açıqlamasında vurğulayıb ki, S-400 məsələsi uzun müddət müzakirə mövzusudur:

“Məlumdur ki, əsasən Amerika başda olmaqla digər NATO dövlətlərindən bəzisi Türkiyənin hava məkanını müdafiə etmək üçün Rusiyadan aldığı S-400-lərdən imtina etməsini tələb edib. Hətta buna görə zaman-zaman qardaş ölkəyə iqtisadi, hərbi və digər embarqolar tətbiq olundu. Bunların hamısı Türkiyənin S-400-lərdən imtina etməsi üçün idi. Amma unutmaq lazım deyil ki, Türkiyə S-400-lərdən öncə Amerika istehsalı olan “Patriotları” almaq istəyirdi. Çünki hər bir dövlət özünün hava məkanını sağlam şəkildə müdafiə etməyə çalışır.

Buna görə də bəlli silah və raket komplekslərinə ehtiyac var.

Amerika da bu silahları Türkiyəyə satmaqdan imtina edirdi. Silah bazarında isə oyunçular müxtəlifdir. S-400-lər bəzi nüanslarına görə “Patriot”lardan daha yaxşıdır. Ona görə də Rusiya ilə Türkiyə arasında belə bir razılıq oldu. Təbii ki, Amerika dayanmır və basqılarını artıracaq. Qardaş ölkə qərarını verib və bunun düzgün olduğunu hesab edirəm. Baxmayaraq ki, Türkiyə NATO dövlətidir, S-400 məsələsi Rusiya ilə qardaş ölkənin ilk böyük proyektidir. Əslində S-400-lər Türkiyə-Rusiya yaxınlaşmasının da təməlini qoyan amillərdən biridir”.

T.Abbaslının fikrincə, iki ölkənin yaxınlaşması dünya üçün yeni siyasi və hərbi imkanlar açacaq:

“Bu yaxınlaşma əsasən də Azərbaycanın strateji maraqlarına uyğundur. Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi fonunda Azərbaycan Qarabağı azad etdi. Həmin əməkdaşlıq səmimi münasibətlər üzərində davam edərsə, bundan ən çox qazanan biz olacağıq. Qardaş ölkənin bu siyasətini alqışlamaq lazımdır”.