Türkiyə düşmənə göz dağıdır

Rusiya, ABŞ, Fransa prosesi axsadır

Bu üç ölkə Qarabağ və sərhəddə qeyri-sabitliyin hökm sürməsində maraqlıdır


“Regionun siyasi durumunda qeyri-stabilliyin hökm sürməsi vəziyyətin təhlükəli olmasını göstərən açıq sübutlardandır. Ermənistan və Azərbaycan arasında baş tutmuş və 44 gün davam etmiş II Qarabağ savaşından sonra yaranmış yeni geo-siyasi və geo-strateji reallıqlar həm Ermənistanın, həm də ona dəstək olan dövlətlərin və qüvvələrin planlarını alt-üst etdi”. 

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Samir Hümbətov deyib. O vurğulayıb ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin icrasını ləngitmək və Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirməsini yubatmaq məqsədi ilə Ermənistan-Azərbaycan dövlət sərhədində və rus sülhməramlılarının fəaliyyət göstərdiyi ərazilərdə daima atəşkəsi pozmaq tərəflər arasında qalıcı düşmənçiliyi təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar:


“Rusiya Müdafiə naziri Sergey Şoyqu və Ermənistan Müdafiə naziri Arşak Karapetyan arasında baş tutan telefon danışığı və görüşü, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin Ermənistan-Azərbaycan sərhədinə səfər etməsi, Fransanın Ermənistandakı səfiri Conatan Lakotun Fransanın Azərbaycandakı səfiri Zakari Grosun Azərbaycan Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş xarici ölkələrin Azərbaycandakı səfirlərinin Şuşaya səfərindən imtina etməsi fikrini müdafiə etməsi baş verən təxribatların arxasında kim(lər)in dayandığını rahatlıqla deməyə imkan verir".

Politoloq hesab edir ki, sözügedən bu üç ölkənin atdığı addımların bir neçə səbəbi var:

"Birincisi, 30 ilə yaxın heç bir funksiyanı yerinə yetirməyən və İkinci Qarabağ savaşından sonra fəaliyyətini tamamilə itirmiş ATƏT-in Minsk qrupunun yenidən aktivləşdirməkdir. İkincisi isə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamə ilə arxivin zibilliyinə gedən Dağlıq Qarabağın statusunu bərpa etməkdir. Həmçinin, Türkiyənin regionda, xüsusilə də Azərbaycanda artan nüfuzunun qarşısını almağa çalışırlar. Əsas məqsədləri isə Ermənistan və Azərbaycan arasında qalıcı sülhün əldə edilməsinə mane olmaq, gərginliyi davam etdirməkdir. Ən önəmlisi isə əsas məqsədlərdən biri Azərbaycan və Türkiyənin vasitəsi ilə gerçəkləşdirilən regional və qlobal layihələrin həyata keçirilməsinə mane olmaqdır. Bununla da, öz ölkələrində güclü olan erməni lobbisinin dəstəyini qazanmaqdır”.

Siyasi analitikin sözlərinə görə, sərhəddə baş verən toqquşmalar və pozulan atəşkəs bu üç ölkənin marağındadır və ona görə də daimi vəziyyətin gərgin olmasına çalışırlar:

"Ermənistanın atdığı addımların isə iki əsas səbəbi var. Bunlardan ən birincisi Paşinyanın hələ də ölkədə nəzarəti ələ ala bilməməsidir. Həmçinin, onun 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bayannamələrinin şərtlərinin icrasını ləngitməsi və bununla da yekun sülh müqaviləsini imzalamaqdan boyun qaçırmağa çalışır. Baş verən toqquşmaların lokal xarakterdən artıq olacağı inandırıcı görünmür. Amma fikrimcə, bu cür problemlər hələ uzun müddət davam edə bilər”.