Yollar, inkişaf, qazanc gətirəcək

Kəlbəcər və Laçında yol infrastrukturunun qurulmasının strateji əhəmiyyəti böyükdür


Ötən gün Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılıb.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə Kəlbəcər və Laçın rayonları ərazisindən keçəcək yolların iqtisadi əhəmiyyətindən danışıb. Millət vəkili vurğulayıb ki, Kəlbəcər və Laçın Azərbaycan üçün strateji əhəmiyyət daşıyan rayonlardandır:

"İşğaldan azad olunmuş ərazilərimiz, eləcə də xüsusi strateji mövqeyə malik olan Kəlbəcər və Laçın kifayət qədər iqtisadi potensialı ilə seçilən bölgələrimizdəndir. Laçın rayonunun bir sıra investisiya tutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. Ümumiyyətlə, qeyd edim ki, hər iki rayonun turizm, sənaye, aqrar potensialı mövcuddur. Bilirik ki, həmin rayonlarımız uzun müddət düşmən işğalı altında olub. Məhz bu səbəbdən də sözügedən potensialdan istifadəyə imkan yaradılmayıb. Bu baxımdan yeni avtomobil yolunun inşa edilməsi Kəlbəcər-Laçın rayonlarının infrastrukturunun formalaşması üçün vacibdir". 

V.Bayramov qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələri genişmiqyaslı şəkildə həyata keçirilir:

"Bu kontekstdə Kəlbəcər və Laçının da infrastrukturunun formalaşmasını xüsusi  qeyd etmək lazımdır. Təbii ki, bu, işğaldan azad olunmuş ərazilərimizin infrastrukturunu, xüsusən nəqliyyat və logistik infrastrukturunun daha qısa zamanda formalaşdırılmasına imkan verəcək. Həmin rayonlarımızın iqtisadi inkişafı əhalimizin daha qısa müddətdə həmin ərazilərə geri qayıtması baxımından olduqca vacib layihələrdəndir. Bütövlükdə bu layihə işğaldan azad olunmuş ərazilərimizin inkişafına xüsusi töhfə verəcək layihələrdən hesab olur. Bu isə ondan xəbər verir ki, Azərbaycan həmin əraziləri əslində gözlənildiyindən daha qısa müddətdə bərpa etmək və yenidən qurulmasını həyata keçirmək gücündədir".