İndi əl-ayağa düşüblər

Həkim-pediatr TƏBİB-i ittiham etdi

Toy günü bəy-gəlinin peyvəndə məcbur edilməsi məntiqsiz və gülüncdür


Zərdabda Qoruqbağı kəndində toy günü bəylə gəlinin peyvəndsiz olduğu üçün toya buraxılmayıb, elə həmin an tibb məntəqəsində "COVİD" vaksini vurulub, sonra toya buraxılması həkimlər tərəfindən birmənalı qarşılanmayıb. Əslində peyvəndin toy edənlər üçün vacibliyini önə çəkən təbliğat məqsədli hadisə olsa da, toy günü nəinki bəy-gəlinin, hətta digər qonaqlardan kiminsə peyvənd vurdurub, toya gəlməsi sağlamlıq baxımından düzgün deyil.

Həkim-pediatr Aytən İsmayılzadə şəxsi "Facebook" səhifəsində toy günü vaksinasiya tədbirlərinin etik olmadığını, əksinə, təhlükəli olduğunu bildirib və səbəbləri izah edib: “Öncədən də demişdim ki, vaksinasiya tədbirlərini kütləvi etsinlər.

İş yerlərində, səyyar məntəqələrdə və s. Bizim TƏBİB-çilər isə nəsə çox ləng tərpəndilər. İndi düşüblər əl-ayağa və bu cür uyğunsuz aksiyalar həyata keçirirlər. Niyə uyğunsuz? İzah edim. Məlumdur ki, pandemiya vaxtı toysuz ailə həyatı quranlar olub ki, onlar indi toy məclisi edir.

Buna haqları da var. Amma onları gəlib toy günü peyvəndləmək nə dərəcə doğrudur? Hər kəs bilir ki, peyvənddən ən azı allergik reaksiya, ən çoxu anafilaktik şok ola bilər. Və bunu toy günü yaşamaq lazımdırmı?

Gəlin hamilə də olmuş ola bilər. Bütün antikovid peyvəndlərin təlimatında hamiləlik dövrü əks göstərişdir. Yəni bu təcrübə yoxdur.

Və peyvənddən sonra ilk üç ay hamiləlik planlanması qadağandır deyilir. Bütün bunlar nəzərə alınırmı? Məclisə daxil olan kimin hərarəti ölçülür? Peyvənd pasportu olsa da COVİD-ə yoluxmaq riski var. Yəni ehtiyat tədbirimiz niyə bəy və gəlindən başlamalıdır?

TƏBİB, sizə, vaksinasiya tədbirlərini daha sivil qaydada həyata keçirməyinizi məsləhət görürəm. İnsanlarımıza isə tövsiyə edirəm ki, yuxarıda qeyd etdiyim vəziyyətdə, bilmədən olan hamiləlik şübhəsi varsa, toydan sonra dərhal hamiləlik planlanırsa, bunları nəzərə alın. Ya hamiləliyi gecikdirin, ya da vəziyyətinizi dəqiqləşdirin”.