Azərbaycan xalqının etimadı qalmayıb

ABŞ və Fransanın Minsk qrupunu dirçəltmək cəhdi qəbuledilən deyil

ABŞ Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin artmasını pisləyib. Vaşinqton Ermənistan və Azərbaycanı ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda substantiv müzakirələrə qayıtmağa çağırıb.

Dövlət Departamentinin rəsmi sözçüsü Ned Prays bildirib ki, Ağ Ev Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməmək üçün dərhal addımlar ataraq atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə səsləyir: “Bütün məsələləri əhatə edən hərtərəfli həll iki ölkə arasındakı münasibətləri normallaşdıra bilər. Bununla da bölgə xalqlarının birlikdə sülh şəraitində yaşaması təmin edilər”. 

Amerika rəsmisinin çağırışını “Şərq”ə dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov bildirib ki, hazırda ABŞ və Fransa ATƏT-in Minsk qrupunun hansısa formada yenidən dirçəldilməsi ilə məşğuldur. Analitik qeyd edib ki, Azərbaycan torpaqları artıq işğal altında deyil:

“Bundan sonrakı əsas məsələ ərazi bütövlüyümüzün Ermənistan tərəfindən tanınması, sərhədlərin demarkasiya və delimitasiya prosesinin tez zamanda yekunlaşmasından asılıdır. Lakin təəssüflər olsun ki, 30 il ərzində torpaqlarımızın işğal altında qalmasına göz yuman və danışıqlar yolu ilə ərazilərin azad edilməsində zərrə qədər rol oynamayan Minsk qrupunu yenidən meydana çıxartmağa çalışırlar. Müharibədə biabırçı məğlubiyyətə uğrayan, kapitulyasiyaya qol çəkən, 10 noyabr və 11 yanvar razılaşmalarına əməl etmək istəməyən Ermənistan da Minsk qrupunun aktivləşməsində maraqlıdır. Düşünürəm ki, ATƏT-in müvafiq qurumu bundan sonra ancaq mina xəritələrinin verilməsi, Ermənistanın təxribat cəhdlərinin qarşısının alınması, iki ölkə arasında sülh və etimad mühitinin formalaşması istiqamətində çalışa bilər. Ümumən isə bu təşkilata Azərbaycan xalqının etimadı yoxdur”.