Belarus prezidentinin limiti qurtarıb

Ağ Evdə Belarus müxalifətinin nümayəndəsinin yüksək səviyyədə qəbulu artıq proseslərin sonu deməkdir


ABŞ Prezidenti Co Bayden Ağ Evdə Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanı qəbul edib. Bu barədə Bayden tvitter səhifəsində yazıb: “Bu gün səhər Tixanovskaya ilə Ağ Evdə görüşmək mənim üçün şərəf idi. ABŞ Belarus xalqının demokratiya və universal insan haqları qurmaq səylərini dəstəkləyir”. Tixanovskayanın sözlərinə görə, təxminən on beş dəqiqə davam edən görüş çox səmimi keçib: “Mən Belarusda baş verənlərə laqeyd olmayan bir insan gördüm. Prezidentə mesajlarımızı çatdırdım ki, Belarusda mübarizə geosiyasi deyil. Bu, zorakılığa, qanunsuzluğa qarşı apardığımız mübarizədir”. 

Xatırladaq ki, Belarus müxalifətinin lideri 10 gündür ABŞ-da səfərdədir. Səfər zamanı Belarus müxalifətinin lideri Ağ Evi dövlət başçısı Aleksander Lukaşenko rejiminə təzyiqləri artırmağa çağırıb. Həmçinin, ABŞ rəhbərliyinə sanksiya siyahısına daxil edilməsini zəruri hesab etdiyi Belarus müəssisələrinin siyahısını təqdim edib. Vaşinqtonda olduğu müddətdə onunla dövlət katibi Antoni Blinken, dövlət katibinin müavini Viktoriya Nuland və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da daxil olmaqla administrasiyanın yüksək səviyyəli rəsmiləri görüşüblər. Bundan əlavə, Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendez də daxil olmaqla Amerika parlamentariləri də Tixanovskaya ilə bir araya gəliblər. Konqresdə Belarus demokratik hərəkatını dəstəkləmək üçün “Belarusun dostları” adlı komitə də yaradılıb. Vaşinqton və Nyu-Yorkda olduğu müddətdə Svetlana Tixanovskaya Belarus diasporası ilə görüşüb. Tixanovskaya ABŞ-ın Belarus müxalifəti ilə rəsmi Minsk arasında mümkün danışıqlarda vasitəçi rolunu oynamasının tərəfdarıdır. 

Politoloq Azər Rəşidoğlu “Şərq”ə bildirib ki, ABŞ-ın slavyan ölkələri ilə sıx əlaqə qurması hər zaman müşahidə olunub. Ekspert xatırladıb ki, Ukrayna hadisələri zamanı yüksək çinli amerikalı məmurlar Maydanda çıxışlar edirdilər:

“Amerikalı siyasilər Ukrayna xalqını demokratiya uğrunda mübarizəyə səsləyirdilər. Belarus müxalifətinin Qərbə inteqrasiya təşəbbüslərini alqışlayırdılar. Səhv etmirəmsə, o zaman Ukraynada Baydenin də çıxış olmuşdu. ABŞ, ümumiyyətlə Qərb dünyası üçün Rusiya ilə slavyan dünyası arasında uçurum yaratmaq son dərəcə vacibdir. Slavyan zəncirinin əsas halqası olan Ukrayna tədricən Rusiyadan uzaqlaşmaqdadır. Belarusun Rusiyadan ayrılması Moskva üçün böyük zərbə olar. Digər tərəfdən Prezident Lukaşenko bütün körpüləri yandırıb. Təyyarəni zorla yerə endirərək müxalif blogeri həbs edəndən sonra Lukaşenkonun uzun müddət hakimiyyətdə qalmayacağı bəlli idi. Ancaq güman etmirəm ki, Belarus müxalifətinin nümayəndəsinin yüksək səviyyədə qəbulu artıq proseslərin sonu deməkdir. Sadəcə olaraq rəsmi Minskə və Lukaşenkoya növbəti təzyiqdir. Bu təzyiqlər artan xətlə gedəcək”. 

A.Rəşidoğlu vurğulayıb ki, Qərb dünyası üçün Şərqi Avropa, o cümlədən Ukrayna və Belarus kimi ölkələr, eyni zamanda Yaxın Şərq regionu daha vacibdir:

“Məhz ona görə ABŞ və Avropa ölkələri Cənubi Qafqazdakı proseslərə yaxından müdaxilə etmirlər. Amma ABŞ və Rusiya qarşıdurması və dünyanın yenidən bölüşdürülməsi cəhdləri qalmaqdadır. İndiki şəraitdə istənilən dövlət, o cümlədən Belarus kimi ölkələr “qurban” seçilə bilər. Belə məqamda ölkə başçılarından xüsusi siyasi çeviklik tələb olunur. Əlbəttə, XXI əsrdə Avropa ölkəsində diktator olmaq mümkün deyil. Lukaşenko öz xalqı ilə tərs düşməməlidir. Məncə, Belarus prezidentinin limiti tükənib. Düzdür, ən yaxın vaxtda hakimiyyətdən gedəcəyini zənn etmirəm. Proses bir neçə il çəkə bilər. Amma əvvəl-axır Lukaşenkonun sonu yaxınlaşacaq. Növbəti seçkilərdə namizəd olacağını düşünmürəm. Hətta seçki dövrünə qədər mövqeləri zəifləyərsə, erkən seçkilər də keçirilə bilər”.