İnsanları dolanışıqla sınağa çəkmək olmaz

Biləsuvar əhalisi sadəcə içmək və əkinini sulamaq üçün su istəyir


“Biləsuvar rayonunun bir sıra kəndlərində içməli və suvarma suyu təminatında böhran davam edir”.
Bunu millət vəkili Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, o, problemin kökündə qlobal quraqlığın dayandığını, qonşu rayonlarda da eyni vəziyyətin hökm sürdüyünü qəbul edir. Lakin, o da gizli deyil ki, Biləsuvarda bütün payız və qış boyu Cənub Muğan kanalı və Bolqarçay boş-boşuna axır: “Bu məsələ tərəfimdən parlamentin iclaslarında, hökumətin hesabatlarında dəfələrlə qaldırılıb.

Eləcə də yerli rəhbərliyin problemlə bağlı bir neçə müraciəti olub. Əlbəttə, ölkədə su mənbələri artmır. Ancaq ən azından mövcud mənbələrin səmərəli istifadəsini təşkil edə bilərik və cənab Prezidentin də mövqeyi bu istiqamətdədir.

Hökumət strukturları məsələyə xüsusi diqqət yetirməlidir ki, 30 ildir davam edən problemin həllini bundan sonra da ildən-ilə  ötürməyək. Bolqarçay su anbarı təmir olunmayınca, Biləsuvara içməli su xətti çəkilməyincə, yay aylarında susuzluq yaşanmaqda davam edəcək”. 

Parlament üzvü vurğulayıb ki, Biləsuvar əhalisi ən çətin dövrlərdə belə dövlətə inam və sədaqətini itirməyib:

“Bu gün də camaatın milli dövlətçilik ruhu möhkəmdir. Rayon sakinləri sadəcə içmək və əkinini sulamaq üçün su istəyir. Elə etməliyik ki, insanlar dolanışıqla sınağa çəkilməsin. Ən əsası isə kimlərsə insanların çətinliyindən siyasi məqsədlər üçün sui-istifadə etməsin. Unutmayaq ki, problem uzandıqca itirən dövlətimiz və büdcəmiz olacaq. Hər il subsidiyalar ayrılır, lakin susuzluq səbəbindən məhsul məhv olur. Nəticədə, həm vəsait itiririk, həm istehsal və ixrac potensialımıza zərbə dəyir, həm də sosial problemlər ortaya çıxır”.