İsrail Azərbaycanın sədaqətli can dostudur

Politoloq: "İki ölkə arasında əməkdaşlıq bundan sonra da daha yüksək səviyyədə inkişaf edəcək"

İyulun 29-da İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəlikləri açılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin turizm naziri Yoel Razvozov, Azərbaycan nümayəndə heyəti, İsrail rəsmiləri, ziyalılar və biznes dairələrin nümayəndələri, İsrail-Azərbaycan Ticarət-Sənaye Palatasının üzvləri iştirak ediblər. İştirakçılar Azərbaycan Ticarət Nümayəndəliyinin ofisi ilə tanış olublar.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Nazir Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağına əminliyini ifadə edib. M.Cabbarov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycana göstərdiyi dəstəyə görə İsrail tərəfinə təşəkkürünü bildirib, İsrail şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasına göstərdikləri marağı yüksək qiymətləndirib.

Siyasi ekspert, politoloq Mirsamir Məmmədov "Şərq"ə açıqlamasında İsraildə Azərbaycan Ticarət Nümayəndəliyinin açılışını yüksək dəyərləndirib. O vurğulayıb ki, bu‚ İsraildə Azərbaycanın ilk rəsmi qurumunun nümayəndəliyidir və çox uğurlu bir addımdır:

"Bu nümayəndəliyin açılması İsrail və Azərbaycan arasındakı münasibətləri daha dərinləşdirəcək. İqtisadi‚ siyasi‚ hərbi və təhlükəsizlik sahələrindəki əməkdaşlığa böyük təkan verəcək. Həmçinin, iki ölkə arasında müttəfiqliyi daha da gücləndirəcək və möhkəmləndirəcək. Rəsmi ticarət və turizm nümayəndəliyinin açılması hər iki ölkənin dövlət maraqları baxımından  olduqca əhəmiyyətlidir.

O, xalqlararası münasibətlərin daha dərinləşməsinə böyük töhfə verəcək əlamətdar tarixi  hadisədir. Xalqlarımız‚ iş adamlarımız və ölkələrimiz bundan böyük fayda görəcək.

Bilirsiniz ki, İsrail Azərbaycana qardaş ölkədir. 30 ildir ki, bütün dünya kürsülərində Azərbaycanı dəstəkləyir. Xüsusən 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanı var qüvvəsilə dəstəklədi.

İsrail dövləti Azərbaycanın ən səmimi‚ etibarlı və sədaqətli sadiq can dostudur. İnanıram ki, iki ölkə arasında əməkdaşlıq bundan sonra da daha yüksək səviyyədə inkişaf edəcək".