İntizam komissiyası Eldəniz Səlimovun məsələsini müzakirə edəcək 

“Artıq Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib. Bu o deməkdir ki, ortada qanun pozuntusu var”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələ İntizam Komissiyasının gündəliyinə salınacaq və müzakirə olunacaq: “Bildiyiniz kimi, deputatlar hazırda məzuniyyətdədir. Hesab edirəm ki, deputatlar məzuniyyətdən qayıtdıqdan sonra məsələ parlament rəhbərliyinə məruzə ediləcək. Daha sonra isə deputat Eldəniz Səlimovun məsələsi sentyabrda İntizam Komissiyasında müzakirəyə çıxarılacaq.

Onu da qeyd edim ki, burada bir neçə qanun pozuntusu var. Əvvəlcə burada karantin qaydaları pozulub, daha sonra isə deputat vəzifə səlahiyyətlərini yerinə yetirən polis əməkdaşına qarşı güc tətbiq edib və səlahiyyətlərindən sui-istifadə edib. Ona görə də məsələ hökmən İntizam Komissiyasında müzakirə olunacaq”.