Qərb təzyiq edir, Rusiyadan üzülə bilmir

Paşinyan oyun oynayır, hamı bunun fərqindədir

KTMT-nin Azərbaycanla Ermənistan sərhədində yerləşməsi mümkün deyil


Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədləri boyunca yerləşdirilməsini təklif edib. Paşinyan Azərbaycanla sərhəd boyu KTMT müşahidəçilərinin və Rusiya sərhədçilərinin xidmət edəcəyi məntəqələrin yerləşdirilməsini istəyir: “Əgər təşkilat çərçivəsində belə bir qrup yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk qrupu formatında yaradılsın”. 

Lakin Moskva Paşinyanın çağırışını cavabsız qoyub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, İrəvan və Bakı ilə razılaşmaların reallaşdırılması üçün kontaktlar aparılır. Jurnalistlər israrla Paşinyanın Rusiya qoşunlarının sərhədə yeridilməsi təklifinə münasibət rica etsələr də, mətbuat katibi deyib ki, əlavə edəcək heç bir sözü yoxdur. 

“Şərq”ə açıqlamasında siyasi icmalçı Azər Niftiyev bildirib ki, Paşinyanı qarşıda gərgin dövr gözləyir:

“Ermənistanda keçirilən son parlament seçkiləri zamanı Paşinyanın rəhbəri olduğu blok qələbə qazanıb. Yeni hökumət formalaşmaq üzrədir və baş nazir heç şübhəsiz, Nikol Paşinyan olacaq. Lakin buna baxmayaraq, Ermənistanda hakimiyyət böhranı hökm sürür. Əsas səbəbi bu ölkənin uzun illər Rusiyanın forpostu olması ilə bağlıdır. Hazırda qütbləşmə mövcuddur və tərəflərdən biri Rusiyaya, Paşinyan komandası isə Qərbə doğru kurs götürüb. Hər iki siyasi qütbün üzərinə götürdüyü öhdəliklər var. Hər ikisindən də onları həyata keçirmək tələb olunur. Paşinyan bilir ki, KTMT-nin Azərbaycanla Ermənistan sərhədində yerləşməsi mümkün deyil. Buna KTMT-nin “drijor çubuğunu” əlində saxlayan Rusiya imkan verməz. Təklifin ikinci hissəsində isə qeyd edir ki, əgər bu alınmazsa, ATƏT-in Minsk qrupu cəlb edilsin. Bu isə onun ABŞ və Fransanı sülhməramlı qismində regiona cəlb etmək niyyətindən qaynaqlanır. Söylədiyim kimi, Paşinyan burada öz oyununu oynayır”.

A.Niftiyevin sözlərinə görə, Azərbaycan müharibədə qalib tərəfdir və bu səbəbdən atəşkəsin pozulmasında maraqlı ola bilməz:

“44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şücaətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. İşğal altında olan torpaqlarımızın 75 faizi birmənalı olaraq bizim nəzarətimizdədir. Bu baxımdan bizim hər hansı marağımız yoxdur ki, atəşkəsi pozaq.

Digər yandan Ermənistan ordusu tənəzzül dövrünü yaşayır. Son döyüşlərdə bütün qüvvəsini itirib. Düşmən ölkənin iqtisadiyyatı da bərbad vəziyyətdədir. Ermənistanın nə iqtisadi, nə də hərbi gücü var ki, yenidən müharibə aparsın. Belə bir cəhd olarsa, onu hansı aqibətin gözlədiyini də yaxşı bilir. Şübhəsiz ki, buna getməyəcək. Sadəcə müəyyən siyasi maraqlarına görə, ara-sıra atəşkəsi poza, müəyyən təxribatlar törədə bilər”.

Həmsöhbətimiz vurğulayıb ki, burada Rusiya amili də vacibdir və diqqətdən kənarda qalmamalıdır:

“Hər kəsə məlumdur ki, Qərb Rusiyaya qarşı açıq savaş aparır. ABŞ Prezidenti Co Bayden sanksiyaların davam edəcəyini söyləyib. Rusiyaya qarşı bir cəbhə açılıb.

Bunun nəticəsində şimal qonşumuz ciddi sosial-iqtisadi, o cümlədən siyasi-diplomatik böhranla üz-üzə qalıb. Yəni Rusiya artıq əvvəlki Rusiya deyil.

Rəsmi Kreml anlayır ki, regional münaqişələri alovlandırmaq və tərəfləri üz-üzə qoymaqla, diqqəti özündən yayındıra bilər. Yox əgər bunu etməsə, o zaman öz əraziləri qaynar nöqtələrə çevrilə bilər.

Bu risk mövcuddur və bunu önləmək üçün müxtəlif addımlar atır. Baş verənlərə həm də bu rakursdan yanaşmaq lazımdır”.