15 min yer boş qalıb

Ermənistanın təhsil sistemi də çöküb 

“44 günlük müharibədə Azərbaycanın qazandığı möhtəşəm qələbə Ermənistana bütün sahələrdə olduğu kimi təhsil sisteminə də öldürücü zərbə vurub”. Bunu millət vəkili, professor Musa Qasımlı bildirib. Deputat qeyd edib ki, Ermənistanda bu il ali məktəblərə keçirilən tələbə qəbulunun nəticələrinə görə 15 min yer boş qalıb:

“Müqayisə üçün belə bir fakt maraqlıdır ki, ötən il ali məktəblərdə 12 min 250 yer boş qalmışdı. Bir ildə bu fərq 2 min 750 nəfər təşkil edir. Belə vəziyyətin yaranmasının bir neçə səbəbi var.

Birincisi, Azərbaycanın qazandığı tarixi qələbədən sonra heç bir gələcəyi olmayan Ermənistandan əhali, xüsusən gənclər kütləvi şəkildə köçüb gedirlər. Ölkə boşalır. İkincisi, Ermənistanda mövcud olan keyfiyyətsiz təhsil sistemi uçurumdadır.

Təhsil eksperti Atom Mxitaryan “Sputnik Armeniya”ya verdiyi müsahibəsində bu vəziyyəti “biz dövlətçiliyimizi itiririk” kimi qiymətləndirib. Hələ bu, harasıdır. Bir neçə ildən sonra heç ordu sıralarını doldurmağa adam da tapa bilməyəcəklər..”.