Qanunu yazanlar onu pozurlar... - “Deputat seçiciləri ilə də belə danışır?!”

“Milli Məclisdə məsələ qaldırılmalı, parlamentariyə töhmət verilməlidir”

“Davranışı onun gələcək karyerası üçün ciddi zərbə oldu”


Dünən Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.
DİN Mətbuat xidmətindən bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:
"Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".
Məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Görünür, millət vəkili özünü sonsuz ixtiyar sahibi hesab edir. Və elə bilir ki, nə istəyirsə, edə bilir. Halbuki biz hüquqi dövlətdə yaşayırıq. Bunu ən yaxşı deputatlar bilirlər. Əlbəttə, Eldəniz Səlomov kimiləri yox...

 Hüquqşünas İradə Cavadova məlum hadisə barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Bu, qanuna və etikaya uyğun deyil. Deputat nümunəvi olmalıdır. Parlamentarinin sözügedən hərəkəti sadəcə özbaşınalıqdır. Düzdür, ola bilsin, emosional gərginlik altında olub. Lakin  bu, heç bir halda onun hərəkətinə bəraət qazandırmır. Maraqlıdır, Eldəniz Səlimov seçiciləri ilə də belə danışır?!”.

İ.Cavadova, həmçinin cəza tədbiri barədə danışdı:

“Deputatın toxunulmazlıq hüququ var. Hətta müqavimət göstərilsə belə, polis ona qarşı tədbir görə bilməz. Lakin Milli Məclisdə məsələ qaldırılmalı, parlamentariyə töhmət verilməlidir. Davranışı onun gələcək karyerası üçün ciddi zərbə oldu”.