I sinfə qəbulla bağlı elektron müraciətlərin sayı AÇIQLANDI

İyulun 30-u saat 11:00 olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə yerləşdirmə ilə əlaqədar 44 975 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2021-2022-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədrisi digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla).

Qeyd edək ki, Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada (“WhatsApp” nömrələr vasitəsilə) təşkil olunur.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılan işçi qrupları, həmçinin “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunman işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.

12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) təyin olunub.