Xalq artisti: “Hakimiyyətdən nə suyum gəlir, nə də çörəyim"

Xalq artisti Flora Kərimovanın növbəti müsahibəsi cəmiyyətdə müzakirə predmentinə çevrilib. Buna səbəb sənətkarın aşağıdakı fikirləri səsləndirməsi olub:“Müxalifət olsaydım, gərək məni çox ağıllı insanların siyahısına yazaydılar. Müxalifət - əsl, əldəqayırma yox - çox ağıllı olmalıdır. İqtidarı haqsız çıxarmağa faktları, məntiqi və cəsarəti olmalıdır. Çoxu sponsor gücünə müxalifətdir, məni onların arasına yazmayın. Təbii ki, hamısını demirəm, çünki mən də həmin çeşmədən su içmişəm. Mənsə heç vaxt su içdiyim qaba tüpürmərəm. Müxalifət – siyasətçi olmalıdır. Adını daşımamalıdır, özü olmalıdır. Müxalifət - intellektlə, vətənə olan sevginin vəhdətidir. Bir də ki daha müxalifətçiliyə yer qalmayıb. Çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə məni bir insan kimi ucaltdı. Hamımızı xalq, millət kimi ucaltdı. Həmişə deyirəm ki, vətəni ürəklə sevib, ağılla qoruyarlar”.
F.Kərimovanı tənqid atəşinə tutanlar da var, onu dəstəkləyənlər də.
“Sherg.az”ın məlumatına görə Flora xanım bütün iradlara Feysbuk profilində cavab verərək bu sözləri yazıb:

“Dediyim, hər kəlməmin arxasında iradəmlə dururam. 30 illik həsrətimə son qoyulan qalib ölkənin vətəndaşıyam!  Alnı açıq,  gözü  yaşlı, oğul anasının şəhidi üçün “Vətən sağ olsun” sözünü deyə biləcəyi qədər qürurluyam. Kütlənin qınağından qorxub real həqiqətləri dilə gətirə bilməyənin cəsarətinə şübhəm var. Sizdən fərqli olaraq “çox sağ ol” deməyə səmimiyyətim çatır.  İndi  "Müxalifətçilik" etməyə nə var?!  Bu gün siz güclü ordusu olan dövlətdə yaşayıb, tox qarnınızla səsinizi dünyaya duyura biləcək imkanlarınızla müxalifətçisiniz. Mən sovetlərdən qanı bahasına canını qurtaran, bir çörək üçün saatlarla  növbə gözləyən, ordusu əli silah görməyən oğullardan qurulan, 11 min şəhidi, 50 min qazisi, indiki şəhidlərdən çox itkini olan hakmiyyətin həm iqtidarı, həm müxalifəti olmuşam. Sözünü deməyə nə meydan var idi, nə də “Meydan” Tv. Ümidi həftədə bir dəfə 5 min tirajla çıxan iki qəzetə qalan  25 il qadağada olan, səsi bütün efirlərdən kəsilən tək qadın sənətkaram”!

Xalq artisti Müsavat partiyasının başqanı Arif Hacılıya da cavab verib:

“Arif bəy, sizə hörmətim böyükdür! Ehtimalınız doğrudur. 27 ildə deyil,  yüz illərlə düyünlənən ölüm-dirim savaşının 44 günə həll olunmasını gözləmək, olunanlar xaric  olunmayan və olunmalıları  sadalamaq indiki halda nə dərəcədə ədalətlidir?! Demirəm sizə kimlərəsə minnətdar olun, edilənlər edənlərin  boynunun borcudur və edir”!

Korifey sənətkar statusda Azərbaycan Xalq Cəbhəsi  partiyasının sədri Əli Kərimlinin tənqidini də cavabsız qoymayıb:

“Əli bəy, yuxarıda müxalifətin, müxalifliyin güvəniləcək simalarını yazmışam. Bu qədər sayğı və təzimin içərisində sizə xoş gəlməyən nə oldu? Təzə ağzı süd qoxuyan, nə bahasına “Müstəqiləm” sözünü dilə gətirməyin çətinliyini bilməyən kütləyə deyiləcək sözüm yoxdur. Siz ki məni 1 həftə, 1 il yox, illərlə tanıdığınız halda nədə suçlayırsınız? Çətinlikləri, aclıqları, təpkiləri, əziyyətləri, qadağaları, sürgünləri, seçki hüquqlarını kimə sadalayırsınız?  Kimə tarix səhifələrini və statistikaları göstərirsiniz? Bəlkə nələrsə yadınızdan cıxıb?! Harada və hansı şəraitdə kimlərin üzünə nə dediklərimi məndən yaxşı bilirsiniz. Kimi desəydilər düşünərdim, amma, sizin məni hədəf alacağınız ağlıma gəlməzdi. Demədiyim sözü  yozmanız arzunuzdur, yoxsa böhtanınız? İqtidara yarınmaqdan, bəhrəsini görməkdən ötrü 25 il gözləyəcək qədər ağılsızmı oldum?!  Mən bu millət üçün səsimdən, sənətimdən keçib can qoyanda indiki şəpik cavanların valideynləri sinələrində Leninin nişanı ilə pambıq yığmağa gedirdi. Sizin sizdən böyük müəlliminizin silahdaşı olmuşam və varam! Elədiyim də kiminsə “Sağ ol”u üçün deyil, vicdanıma, millətimə görə idi. Sayğılarımla. Demişəm, yenə tekrar edirəm davam torpaq, qürur davası olub, qarın yox! İndiki hakimiyyətdən nə suyum gəlir, nə də çörəyim. Müstəqillik dönəmində bir fəxri adım olub, onu da 1992-ci ildə mərhum Əbülfəz Elçibəy verib. Bu adıma görə dövlətdən 170 manat təqaüdümü alıram. Kimsə gözümə baxıb deyə bilməz ki, Flora xırdalandı. Heç kimin məni düşündüyüm və real həqiqət bildiklərimdən danışmağa nə gücü çatar, nə qüdrəti. Kimsə mənə ağa deyil və heç kim baş bilənlik etməyə baş deyil”.

F.Kərimova sonda onun haqda status yazan yazıçı Kəramət Böyükçöldən də söz açıb:

“Kəramət, çox təəssüf edirəm ki Allahından bəxşiş verilən fərqli düçüncən lağ-lağa və məsxərələrdə xərclənir.  Dediyim fikri sərsəm  qavradınsa, bəlkə yazdığımı başdan təkrar bir də oxuyasan! Sənin sözünlə desək mən "bu yaşıma kimi dözdü"m. Sən məhs ayıq başınla neçə yaşına kimi dözə bildin!?  Balasını itirməkdən qorxan ana, balası üçün hər cür yola gedər (vicdanı çərçivəsində-F.K). Balalarını düşünməyən, ailəsini qorumayan “kişi“ Vətəni üçün kimdir?! Yetim balamdan keçib bu millət üçün varlığımı üyüdmədim ki, kimsə yuxu görüb, yuxusunu başının böyüklüyünə görə yozsun. Mən 1992-ci ildə Hərbi Hospitalda komadakı yaralının altını yuyub təmizləyəndə, sən məni acıladığın dilimizə və bugünkü kimliyinə yiyələnirdin. Hələ ki, nə ağlım, nə yaddaşım,  nə də təxminlərim məni yanıltmayıb. Sənə şərh yazanlar yüz yox, yüz min ola, milyonumuzun iqtidarı mənim müxalif düşüncəmi əksinə çevirə bilməz”.