YAP: “Deputatın polisi döyməsi bizdə təəssüf hissi doğurur” 

Yeni Azərbaycan Partiyası millət vəkili Eldəniz Səlimovun polisi döyməsi ilə bağlı məsələyə münasibət bildirib.
YAP-dan Oxu.Az-a bildirilib ki, baş vermiş hadisədən təəssüf hissi doğurub:
“Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırmalara başlanılıb. Məsələyə hüquqi qiymət verildikdən sonra münasibət bildiriləcək”.

11:37

“Artıq Daxili İşlər Nazirliyi tərəfindən millət vəkili Eldəniz Səlimovun polisi döyməsi faktı təsdiqlənib. Bu məsələyə Milli Məclisin İntizam komissiyası baxacaq”.
 
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib. 
 
Onun sözlərinə görə, məsələ barədə müvafiq qərar qəbul olunacaq.

“Baş verən hadisə ilə bağlı təəssüf hissi keçirirəm. İntizam komissiyası bu məsələyə deputatların tətildən qayıtmasından sonra baxacaq”.

Qeyd edək ki, ötən gün millət vəkilinin sərxoş halda Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyüb.