Yanğın, yoxsa planlı sabotaj? –“ Türkiyə iqtisadiyyatına zərbə...”


“Turistlərin maraqlandığı şəhərlərdə yanğınların olması məhz buna hesablanıb”

“Və  Qərb mediasının insanların qaçdığı videoları yayması da məqsədlidir: əcnəbiləri səfərlərdən çəkindirmək”

“PKK sadəcə alətdir. Prosesin arxasında xarici kəşfiyyat, xüsusilə ABŞ-la Yunanıstan dayanır”


Türkiyədə yanğınlar davam etməkdədir. Qardaş ölkə sözün əsl mənasında od-alov içindədir.  İtkilər isə təəssüf ki, az deyil. Belə çətin bir vaxtda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir. Qüvvələr ən  qısa zamanda  Türkiyəyə yola düşəcək.

 Müxtəlif iddialara görə baş verənlər məqsədlidir və arxasında ciddi hədəflər var.

 Bu barədə “Sherg.az”a danışan “Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli də belə düşünür. Onun fikrincə, iddialara ciddi əsas var:

 “Eyni vaxtda əsas turizm bölgələrində, 57 yerdə yanğının baş verməsi, şübhəsiz ki, təsadüfi deyil. Görünür, son on ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin bütün türk dünyası üçün strateji xətt yeritməsi narahatlığa səbəb olub. Məsələ ondan ibarətdir ki, Türkiyə Liviya, Suriya, İraq və Şərqi Aralıq dənizində mənafelərini qoruyur. Odur ki, bu,  planlaşdırılmış sabotajdır. Qardaş ölkə hökuməti üçün adətən iqtisadi və təhlükəsizlik məsələləri daha vacibdir. Sözügedən yanğınlarla Türkiyənin iqtisadiyyatına ciddi zərbə dəydi. Turistlərin maraqlandığı şəhərlərdə yanğınların olması məhz buna hesablanıb. Və  Qərb mediasının insanların qaçdığı videoları yayması da məqsədlidir: əcnəbiləri səfərlərdən çəkindirmək”.

 R.Bəşirli konkret hədəf göstərdi:

“İşin arxasında PKK və onun havadarları dayanır. Ümumiyyətlə, sözügedən terror təşkilatı bu işdə təcrübəlidir. Əvvəllər də dəfələrlə analoji aktlara əl atılıb. Məlum olduğu kimi, Türkiyə PKK-ya qarşı uğurlu mübarizə aparır. Ölkənin cənub-şərq hissəsindəki PKK dəstələri, demək olar, məhv edilib.

Onu da nəzərə almaq lazımdır ki, ABŞ prezidenti Co Bayden namizədlik dövründə Ərdoğanı devirəcəyini demişdi. Çünki Bayden Suriyada PKK üçün bufer dövlətin yaradılmasının əsas ideoloqlarındandır. Və ona mane olan yeganə siyasətçi Ərdoğandır. Bu mənada Türkiyəni “dalana dirəmək” istəyirlər. Təzyiqlər aydın sezilir.
Əlbəttə, PKK sadəcə alətdir. Prosesin arxasında xarici kəşfiyyat, xüsusilə ABŞ-la Yunanıstan dayanır”.