Saatbasaat susuzlaşan Saatlı: İnsanlar da “yanır”, torpaq da, heyvanlar da...

“Problem dərinləşən kimi hökumət qərarlar alır və hansısa quyuların qazılmasına başlanılır”

“Bununla da müvəqqəti olaraq insanlarda gözlənti formalaşır ki, problem həllini tapacaq”

“Lakin yenə problemlər qalmaqda davam edir. Belə yanaşmaya son qoymaq lazımdır”


Saatlı sakinləri uzun müddətdir ki, su problemi ilə üz-üzədirlər. Vətəndaşların sözlərinə görə, iki aydır ki, susuzluqdan ziyyət çəkirlər:
“Əkin bir qırağa dursun, insanların içməyə suyu yoxdur. Dünən heyvanlar böyürüşürdü susuzluqdan. Su tapa bilmirik”.
Sakinlər bildirir ki, rayonda suyun kəsilməsi nəticəsində Çolpukənd, Nabatkənd, Fətəlikənd, Qaranur, Qarayevkənd, Şirinbəyin əhalisi və heyvanları "suya həsrətdirlər".



Mövzu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, uzun illərdir ki, Saatlıda yaşayan əhali həm suvarma, həm də içməli su ilə bağlı ciddi problem yaşayır:

“Dəfələrlə müzakirələr olub, lakin əməli tədbirlər barədə ciddi addımların olduğunu söyləmək mümkün deyil. Problem illərdir necə var idisə, eləcə də qalıb. Bu da kifayət qədər insanların həyat səviyyəsinə mənfi təsir edən amildir.

Saatlıda su mənbələrinə çıxış imkanları məhduddur. Ancaq kənd təsərrüfatı ilə bağlı alınmış bəzi qərarlar, əsasən də texniki bitkilərin kütləvi şəkildə əkilməsi su probleminin daha da dərinləşməsinə səbəb oldu.

Çünki elmi yanaşma olmadan həmin bölgədə texniki bitkilərin əsasən də pambıqçılığın sürətlə yayılması problem yaratdı. Məlumdur ki, texniki bitkilər suya kifayət qədər həssasdırlar, yəni daha çox su tələb edirlər.

Beləliklə, suvarma ilə bağlı problemlər daha da dərinləşdi. Nəticədə başqa kənd təsərrüfatı yetişdirən fermerlər su çatışmazlığı ilə üzləşdilər”.

N.Cəfərli vurğulayıb ki, Saatlıda həmçinin içməli su ilə bağlı da problemlər var:

“Kürün səviyyəsinin azalması, ümumiyyətlə həmin bölgələrdə su kanalları qovşağının normal inkişaf etməməsi problemlərinə səbəb oldu. Hökumət qərar vermişdi ki, belə bölgələrdə artezian quyularının qazılması ilə su problemi həllini tapacaq. Təəssüf ki, bu da baş vermədi. Çünki həmin bölgədə artezian quyularının qazılması barədə qərarlar verilsə də, araşdırmalar olmadan verilən qərar effektiv nəticə göstərmədi. Problemi dərindən araşdırmaq lazımdır və bu işlə məşğul olan elmi komissiya qurulmalıdır ki, həmin bölgədə su resurslarına çıxış imkanlarının genişləndirilməsi öyrənilsin. Sanki problem dərinləşən kimi hökumət qərarlar alır və hansısa quyuların qazılmasına başlanılır. Bununla da müvəqqəti olaraq insanlarda gözlənti formalaşır ki, problem həllini tapacaq. Lakin yenə problemlər qalmaqda davam edir. Belə yanaşmaya son qoymaq lazımdır”.