Rusiya riyakarlıq edirlər! – “Ermənistana yaxın mövqedədir...”

“Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edəkən bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfləri mövcud problemləri siyasi-diplomatik yolla həll etməyə çağırır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya üçtərəfli razılaşmaların tam həyata keçirilməsini təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir:

“Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşanıb. Bilirsiniz ki, rusiyalı nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstərib. İş davam edir. Rusiya ikitərəfli razılaşmaların tam həyata keçməsinin təmini üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir”, - deyə o, bildirib.

 Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Rusiya rəsmiləri verdikləri açıqlamada səmimi deyillər:

“Ümumiyyətlə, Rəsmi Moskva heç vaxt Azərbaycanla Ermənistana eyni münasibət bəsləməyib. Rusiya Azərbaycanın hesabına Ermənistan dövlətini yaradıb və uzun illər ərzində bizim hesabımıza Ermənistanın torpaqlarını artırıb. Hər zaman Cənubi Qafqazda Azərbaycanı sıxışdırmaq üçün əllərində gələni ediblər. Peskovun son bəyanatı isə göstərir ki, Rusiyanın siyasətində hansısa bir dəyişiklik yoxdur, yenə də riyakarlıq edirlər. Təxribatı törədənlər ermənilərdir, cavabdehlik onların üzərindədir və Azərbaycanın bu məsələdə hansısa günahı yoxdur. Dövlətimizin tarixi torpaqlarını əldə etmək hüququ var. Rusiya Ermənistana yaxın mövqedə olduğuna görə sözügedən bəyanatlar ermənipərəst mövqedən xəbər verir”.