Ticarət və Turizm nümayəndəliyi açıldı


İsraildə səfirliyimizin açılmasının da şahidi olacağıq

Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurub. Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənib. Bunun davamı olaraq bundan sonra Azərbaycanla İsrail arasında iqtisadi sahədə də əməkdaşlıq inkişaf edəcək. 

Ötən gün İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı. Açılış mərasimlərində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin Turizm naziri Yoel Razvozov və Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyev iştirak edib.

Siyasi analitik Asif Nərimanlı "Şərq"ə Təl-Əviv şəhərində açılan Azərbaycan Ticarət və Turizm nümayəndəliklərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, nümayəndəliyimizin açılmasının əsas hədəfi iqtisadi əlaqələrdir:

"Təbii ki, bu addımın ticarət dövriyyəsinin artmasına səbəb olacağı, o cümlədən, Azərbaycanın turizm sektorunun inkişafına təsir edəcəyi gözləniləndir.

Azərbaycan və İsrail arasında ticarət əlaqələrinin əsasını hərbi sənaye və enerji təşkil edir. Lakin belə bir nümayəndəliyin açılması digər sahələr üzrə əlaqələrin inkişafı üçün vacibdir. Misal üçün, 2020-ci ildə iki ölkə arasında mülki ticarət həcmi 200 milyona çatıb. Pandemiyadan öncə 2019-cu ildə İsraildən Azərbaycana 50 min turist gəlib. Nümayəndəliyin fəaliyyətə başlamasından sonra bu istiqamətlərdə artımlar gözləniləndir. Paralel olaraq, azərbaycanlı turistlərin İsrailə getməsi daha da asanlaşacaq".

A.Nərimanlı diqqətə çatdırıb k, burada məsələnin xüsusən siyasi tərəfi əhəmiyyətlidir:

"Qarabağ münaqişəsi həll edilməyənə qədər İran faktoruna görə rəsmi Bakı balans gözləyir. İsraildə nümayəndəliyin, səfirliyin açılması məsələsini gecikdirirdi. Bunu İsraildə də anlayışla qarşılayırdılar. Artıq münaqişə həll edilib və müharibədən sonra nümayəndəliyin açılması bu istiqamətdə ilk böyük addımlardan biri hesab oluna bilər. Hesab edirəm ki, bu prosesin davamı olaraq səfirliyin açılmasının da şahidi ola bilərik".