Etməyin, cənablar!

İnsan bu qədər səhlənkar olub ailəsini, doğmalarını, ətrafını təhlükəyə atmamalıdır

Saxta COVİD pasportu satanları da, alanları da 3 il iş gözləyir


“COVİD-19” testinin nəticələrinə dair sənədləri saxtalaşdıran vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, “ƏSR” və “ARKAN TOUR” MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Aparılmış ibtidai istintaqla “ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahətini təşkil etmək məqsədilə həmin şəxslərə saxta COVİD-19 sənədi verilib.

Əslində isə həmin şəxslər tibbi müayinədən keçməyiblər. Sənəd sadəcə, tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan COVID-19 testinin nəticələrinə dair saxta bir sənəddir. Saxta sənədlər şəxslərə ümumilikdə 12 min 120 manata satılıb. Məsuliyyətə cəlb olunan şəxslər bu hərəkətləri ilə dövlət  mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir. 

Qeyd edək ki, bundan öncə də müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat da yaymışdı. Məlumatda bildirilirdi ki, yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilib. Məlum olub ki, Bakı şəhəri üzrə 7 və 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3 və 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilib. Göstərilən  halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.
Xatırladaq ki, TƏBİB saxta COVİD pasportu verənlərlə yanaşı, alanların da məsuliyyət daşıdığını vurğulayıb. 

Məsələ ilə bağlı “Şərq”ə danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov qeyd etdi ki, saxta sənədi verən şəxs, digər insanın həyatını təhlükəyə atır, yoluxma riskini artırır, dövlətin pandemiyaya qarşı apardığı mübarizə tədbirlərinə zərbə vurur:  

- Bununla da ağır cinayət işləmiş olur. Eyni sözləri saxta sənəd alanlara da aid etmək olar. Vətəndaş artıq 2 ilə yaxındır davam edən pandemiyanı bu şəkildə görməzdən gəlirsə, dövlətə də ziyan vurur, özünə də, ətrafdakılara da. Dünyanın virusla çarpışdığı, pandemiya ilə üz-üzə qaldığı bir vaxtda bu cür səhlənkar, məsuliyyətsiz addım atmaq bağışlanmazdır. İnsan ağılla davranmalıdır. Saxta sənəd almaqla nə əldə edir insan? Tutalım, harasa səfər etdi, gəzdi, qayıtdı. Bəs əgər bu insanda virus varsa, yoluxmuş insandırsa, başqalarını da yoluxduracaq, özünün də səhhəti ağırlaşa bilər. Ailəsi, doğmaları, yaxınları təhlükə altına düşəcək. İnsan bu dərəcədə səhlənkar, məsuliyyətsiz, özünü düşünən olmamalıdır. 
Saxta peyvənd sənəd alanları hansı cəza gözləyir? 

Bu barədə “Müvəkkil” hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov “Lent.az”a açıqlamasında qeyd edib ki, həmin əməli törədənlərə Cinayət Məcəlləsində 2 maddə ilə cinayət işi açılır:

“Saxta peyvənd sənədi alanlar barəsində Cinayət Məcəlləsinin 320 və 308-ci maddələri tətbiq olunur. 308-ci maddədə deyilir: "Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda". Bu maddəyə əsasən, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 320-ci maddəsində isə hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycanın saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma qeyd olunur. Bu maddəyə görə, min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 

Odur ki, saxta sənəd eşqinə düşüb nə öz həyatını, nə də başqalarının həyatını riskə atmamaq gərəkdir. Üstəlik cərimə, həbs təhlükəsi də varsa.