Hələ sevinməyə dəyməz

Vergi dərəcələrinin aşağı salınması ilk növbədə kirayəçilərin xeyrinədir

Bu təklif keçərli olarsa, bundan kirayəçilər daha çox mənfəət əldə edəcək. Lakin əvvəlcə rəsmi kirayə müqaviləsinin bağlanması şərtdir


Millət vəkili Vüqar Bayramovun “ev kirayəsi ilə bağlı vergi dərəcələri aşağı salınmalıdır” təklifi ictimaiyyətdə müzakirələrə səbəb olub. Evini kirayə verənlər, kirayə vermək niyyəti olanlar da sevinir, kirayədə qalanlar və kirayə qalmağa hazırlaşanlar da. Amma nəyə sevinirlər, hələ dəqiq özləri də bilmir. Nə deyib millət vəkili və təklifini necə əsaslandırıb? “Bütövlükdə əmlakın kirayə verilməsi vergi sistemində prioritet vergi istiqamətlərindən biridir. Amma bizim apardığımız monitorinqlər və rəsmi statistika göstərir ki, bu gün Bakıda praktiki olaraq əksər mənzillərin kirayəyə verilməsi zamanı onların vergiyə cəlb olunmasında çətinliklər var” söyləyən millət vəkili daha sonra əlavə edib:

“Problem təkcə vergidən yayınma deyil, eyni zamanda rəsmi kirayə müqaviləsi olmadığına görə, tərəflərin öhdəliklərinin də aydın şəkildə müəyyənləşməməsidir. Bəzi hallarda evə dəymiş ziyanın ödənilməsi ilə bağlı və ya evi götürən şəxs öz öhdəliyini yerinə yetirə bilmədiyi halda ev sahibi tərəfindən real addımlar atıla bilmir. Bu baxımdan, kirayə müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi çox vacibdir. Bu təkcə vergi daxilolmalarına deyil, eyni zamanda ev sahibi ilə kirayəçi arasında münasibətlərin liberallaşdırılması baxımından da olduqca vacibdir. Evlərin kirayəsi ilə bağlı vergi dərəcələrinə yenidən baxılması daha məqsədəuyğun ola bilər. Əslində, burada məqsəd fiskal olmamalıdır. Önəmli olan bu sektorda birinci mərhələdə rəsmiləşdirməyə, leqallaşdırmaya nail olmaqdır. Bəzi inkişaf etmiş ölkələrdə olduğu kimi ilk olaraq vergi dərəcələrinin aşağı salınması və evlərin kirayəyə verilməsi ilə bağlı simvolik vergi dərəcələrinin müəyyən olunması daha məqsədəuyğun olar. Prosedur elə olmalıdır ki, mənzil sahibləri evlərini kirayəyə verərkən müqavilə bağlamaqda maraqlı olsunlar. Nəticə etibarilə vergi dərəcələri aşağı salınarsa, bütövlükdə prosesin leqallaşmasına imkan yaranacaq. Digər tərəfdən, evlərin müqavilə əsasında kirayəyə verilməsi kirayəçidə rəsmi öhdəliklər formalaşdırır. Həmçinin, leqallaşma olsa, sektorda kirayə verilən mənzillərin sayı və sektorun təhlilinin aparılması ilə bağlı da aydın mənzərə ortaya çıxacaq. Vergi dərəcələri azalsa, müqavilə sayı çoxalacaq və büdcəyə daxilolmalarda da artım olacaq". 

Millət vəkilinin təklifinin vətəndaşların mənafeyinə xidmət etdiyini deyən Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında bildirdi ki, kirayə ilə bağlı vergi dərəcələrinin aşağı salınması ilk növbədə kirayəçilərin xeyrinədir:  

- Bu təklif keçərli olarsa, bundan kirayəçilər daha çox mənfəət əldə edəcək. Lakin əvvəlcə rəsmi kirayə müqaviləsinin bağlanması şərtdir. Əks halda ev sahibi vergini kirayəçinin öhdəsinə qoya bilər. İndi vəziyyət necədir? Kirayə qalan şəxs elektrik enerjisi, təbii qaz, su pulunu özü ödəyir. Kommunal xidmət haqqını da ödəyir. Mənzildə nəsə xarab olanda, xırda-para təmirə ehtiyac olanda, çox zaman ev sahibi “burda sən qalırsan, özün düzəlt”, deyir. Rəsmi kirayə müqaviləsi imzalanmasa, vergi ödəmək də kirayəçinin üzərində qalacaq. Amma kirayə müqaviləsi qaydaları formalaşsa, bu sahəyə dövlət nəzarəti tətbiq edilsə, kirayəçi ilə ev sahibi arasında müqavilə imzalanacaq. Tərəflər əvvəlcədən hansı öhdəliklərə sahib olduqlarını biləcəklər. Tərəflərdən biri öhdəliyi yerinə yetirməyəndə məsələnin həlli üçün hüquqi əsas olacaq. Daşınmaz əmlakla bağlı da vəziyyət eynidir. Sənədləşmə məsələsi həllini tapmadığından vətəndaşlar problemlərinin hüquqi həllinə nail ola bilmir. Əsas qeydiyyat və sənədləşmə işlərinin aparılmasıdır. Evlərini kirayə verən əmlak sahiblərinin əksəriyyəti vergi ödəyicisi kimi qeydiyyatda deyil. Bəzi vergi ödəyiciləri kirayə müqavilələrində icarə haqqının məbləğini faktiki məbləğdən az göstərir, bəzən ümumiyyətlə gizlədirlər. Halbuki vətəndaş və ya fiziki şəxs gəlir əldə edirsə, həmin gəlirə görə verginin ödənilməsi vacibdir. Vətəndaş şəxsi evini kirayə verirsə, gəlir əldə edirsə, yenə vergi ödəməlidir. Əgər kirayəçi fiziki şəxsdirsə, VÖEN-i varsa, o halda kirayəçi özü ödəniş edə bilər. Kirayəçi fiziki şəxsdirsə, VÖEN-i varsa, bu, imkan verir ki, evi kirayə verən deyil, kirayə götürən ödəniş edə bilsin. Kirayəçi tələbədirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa, VÖEN-i yoxdursa, o halda evi kirayə verən şəxs vergi ödəməlidir. Əks halda isə kirayəçi özü ödəyir. Bu məsələlər mütləq hüquqi həllini tapmalıdır. Belədə vergidən yayınmalar da az olar, ev sahibi də, kirayəçi də öz hüquqlarını bilər.