Turizm sahəsi çökdü

Bu il Türkiyə üçün ağır il olacaq

Yanğınlar ölkənin iqtisadiyyatına zərər vurmaq üçün hesablanıb


Türkiyədə bir neçə gün öncə başlamış dəhşətli meşə yanğınları hələ də davam edir. Bu barədə ölkə səlahiyyətliləri məlumat yayıb. Qeyd edilir ki, əslində temperaturun ən yüksək həddə çatdığı və "yanğınlar mövsümü" kimi xarakterizə edilən iyul ayında belə təbii fəlakətlərin baş verməsi adi haldır. Lakin bu dəfə Türkiyəyə misli görünməmiş bir ziyan dəyib. Genişlənən alovlar yalnız meşələri, flora və faunanı deyil, yanğın bölgəsinə yaxın bütün kəndləri, yaşayış massivlərini, turizm obyektlərini də viran qoyub.

Yerli medianın yazmasına görə, səlahiyyətlilər, xüsusən də turistlər arasında daha çox populyar olan cənub bölgələrində baş verən yanğınların səbəblərini araşdırırlar. Burada meşələrin süni şəkildə yandırılması şübhəsi yaranıb. Bu gün yanğınlar səbəbilə ölənlərin sayının artıq dörd nəfərə yüksəldiyi bildirilir. Yerli saytlar yazıb ki, ən dağıdıcı yanğın hadisələri Antalyanın Manavqat bölgəsində baş verib. Güclü küləklər isə yanğınsöndürənlərin yerdə və havada apardıqları əməliyyat işlərinə mane olur. Qeyd edək ki, son iki gündə ölkədə 60-dan çox meşə yanğını qeydə alınıb. Onlardan 43-ü nəzarət altına alınıb. Təxminən 4000 yanğınsöndürən, üç təyyarə, 38 helikopter, yüzlərlə xilasetmə maşını dünya gündəminə çevrilən bu meşə yanğınları ilə mübarizə aparır.

İqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə baş verən yanğınların Türkiyəyə vuracağı iqtisadi ziyanlarından danışıb. Ekspert qeyd edib ki, Türkiyədə baş verən meşə yanğınları ən çox Türkiyənin turizmdən olan gəlirlərinə mənfi təsir göstərəcək:

"Həmçinin, mebel istehsalı və taxta ağac emalı satışından olan gəlirlərini də azaldacaq. Hesab edirəm ki, bu yanğınların baş verməsi Türkiyə iqtisadiyyatına zərər vurmaq üçün hesablanıb. Təbii ki, burada maraqlı dövlətlər var. Eyni anda bir neçə şəhərdə yanğınların baş verməsi ciddi sual doğurduğundan bu qənaətə gəlmək olar. Türkiyənin bir çox şirkətlərinin və dövlətin müqavilə öhdəliklərini yerinə yetirməməsi və buna görə kompensasiya ödəməsi də gəlirlərə təsir edəcək. Bundan əlavə, müştərilərin də itirilməsinə burada qeyd edə bilərik. Bunun nəticəsində deyə bilərik ki, 2021-ci ilin sonu Türkiyə üçün qismən ağır ola bilər. Bu isə təbii ki, ilk növbədə məhsulların qiymətinin bahalaşmasına gətirib çıxaracaq".