Milli Məclisin adına daha bir ləkə...

Deputat polisə əl qaldırdı, hadisə cəmiyyətdə hiddət doğurdu

"Baş Prokurorun təqdimatına əsasən, Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilə bilər"


İyulun 29-da Xaçmazda elə həmin rayonun deputatı Eldəniz Səlimov polis idarəsinin əməkdaşı Zaur Mirzəyevi döyərək ona xəsarət yetirib. Millət vəkilinin polisi döyərək xəsarət yetirməsi faktı Daxili İşlər Nazirliyi tərəfindən də təsdiqlənib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, insident gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: “Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib”.

Bildirilir ki, hadisənin baş verdiyi restoran deputatın qohumunundur. Qeyd edək ki, E.Səlimov 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olaraq deputat seçilib. Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib ki, Baş Prokurorun təqdimatına əsasən, Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilə bilər: “Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. Bu o deməkdir ki, ortada qanun pozuntusu var. Deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələ İntizam Komissiyasının gündəliyinə salınacaq və müzakirə olunacaq. Bildiyiniz kimi, deputatlar hazırda məzuniyyətdədir. Hesab edirəm ki, deputatlar məzuniyyətdən qayıtdıqdan sonra məsələ parlament rəhbərliyinə məruzə ediləcək. Daha sonra isə deputat Eldəniz Səlimovun məsələsi sentyabrda İntizam Komissiyasında müzakirəyə çıxarılacaq. Onu da qeyd edim ki, burada bir neçə qanun pozuntusu var. Əvvəlcə burada karantin qaydaları pozulub, daha sonra isə deputat vəzifə səlahiyyətlərini yerinə yetirən polis əməkdaşına qarşı güc tətbiq edib və səlahiyyətlərindən sui-istifadə edib. Ona görə də məsələ hökmən İntizam Komissiyasında müzakirə olunacaq”. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Azər Badamov isə deyib ki, YAP deputat Eldəniz Səlimovun məsələsinə baxmağa tələsmir: “E.Səlimovla bağlı hər hansı qərar vermək üçün araşdırmanın nəticəsini gözləməyə ehtiyac var. Belə bir hadisənin baş verməsi yaxşı hal deyil. Hadisə baş veribsə, rəsmi araşdırma aparılacaq və nəticədən asılı olaraq, YAP da bu barədə öz mövqeyini bildirəcək. Araşdırmanın nəticəsi açıqlanmadan kimin günahkar olub-olmadığına dair hər hansı fikir yürütmək qeyri-mümkündür və bu, düzgün də olmazdı”. 

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi haqlı olaraq cəmiyyətdə hiddət doğurub. Parlament üzvü vurğulayıb ki, keçmiş millət vəkili kimi bu əməli qəti şəkildə pisləyir və qınayır:

“Polisin xidməti vəzifələrini yerinə yetirməsinə mane olmaq, polis əməkdaşlarını təhqir və təhdid etmək yolverilməzdir. Bu hərəkətləri deputatın etməsi isə ikiqat qəbahətdir və deputat statusuna uyğun olmayan bir əməldir. Bu cür hərəkətlər  yalnız polis əməkdaşına qarşı deyil, bütün cəmiyyətə qarşı hörmətsizlikdir. Əminəm ki, Milli Məclis rəhbərliyi bu hadisə ilə bağlı müvafiq addımlar atacaq. Polis orqanları və polis əməkdaşları COVİD-19 pandemiyası ilə mübarizədə ön sırada dayanırlar. Xüsusi karantin rejimi qaydalarına, bu qaydalarla müəyyənləşən qadağanlara əməl olunmasına nəzarəti həyata keçirən polis çox çətin, gərgin şəraitdə işləyir. İctimai nüfuza, statusa malik şəxslər COVİD-19 pandemiyasının doğurduğu yeni çağırışlara adekvat cavab verilməsi, çətinliklərin birgə səylərlə aradan qaldırılması, polislə vətəndaşlar, əhali arasında səmərəli kommmunikasiya, etimadlı münasibətlərin yaranmasına öz töhfələrini verməlidirlər. Öz müsbət davranış və nümunələri ilə örnək olmalıdırlar. Onların ictimai rəyə təsir etmək imkanları, ictimai və rəsmi statusları onlar üçün əlavə məsuliyyət yaradır. Bu çətin, mürəkkəb şəraitdə polisin cəmiyyətin dəstəyinə hər zamankından çox ehtiyacı var. Eyni zamanda hazırda hər birimizin sağlamlığı, hüzuru xeyli dərəcədə polisin səmərəli işindən asılıdır. Bu zərurəti dərk etməklə hər birimiz məsuliyyətli davranmalıyıq və əhalinin sağlamlığının, ictimai asayişin qorunması məsələsində cavabdehliyimiz barədə düşünməliyik”.

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Vahidoğlu da “Şərq”ə bildirib ki, Milli Məclis üzvünün hüquq-mühafizə orqanının əməkdaşına əl qaldırması, xəsarət yetirməsi xoşagəlməz haldır. Birlik rəhbərinin sözlərinə görə, bu, qanun pozuntusudur:

“Mediada yazılanlara görə, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı qanunvericiliyə uyğun olaraq istirahət mərkəzinin fəaliyyətinin dayandırılmasını xahiş edib. Bu zaman deputat polis əməkdaşına xəsarət yetirib. Bildiyimiz qədər artıq müvafiq sənədləşmə aparılıb, istintaq materialları toplanılıb və araşdırılması üçün Baş Prokurorluq yanında İstintaq İdarəsinə göndərilib. Əgər bir hadisə parlamentdə 10 ilə yaxın müddətdə təmsil olunan bir şəxs tərəfindən törədilirsə, həm deputatın, həm də Milli Məclisin adına ləkə gətirir. Milli Məclisin üzvü qanunverici bir orqanın təmsilçisidir. Deputat qanunların icra olunmasına, hər məsələnin qanun çərçivəsində həllinə çalışmalıdır. Qanunvericiliyi təmsil edən şəxsin özünün qanunları pozması qəbuledilməzdir. Yəqin ki, ən azından Parlamentin İntizam Komissiyasında məsələ müzakirə olunacaq”.